
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti 20 Yanvar faciəsinin 26-ci ildönümü ilə əlaqədar xüsusi tədbirlər planı hazırlayıb.
Bu haqda Modern.az saytına “Bakı Metropoliteni” Qaparlı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
O qeyd edib ki, həmin gün metropoliten tərəfindən bir sıra tədbirlər həyata keçirəcək:
“Hər il olduğu kimi, bu il də Bakı Metropoliteni bütün kollektivlə faciə gününü yad edəcək. Bu il də bütün stansiyalar qara lentli qərənfillərlə bəzədiləcək, və stansiyalarda həzin musiqilər səsləndiriləcək. Ümumxalq Hüzn Günü ilə əlaqədar metroda dünyasını dəyişən şəhidlərin xatirəsinə adlandırılmış “20 Yanvar” stansiyasında xüsusi anım mərasimi təşkil olunacaq”.
N.Paşayev deyib ki, "20 Yanvar" stansiyası bütünlüklə, hətta platformalar da qızılgüllərlə bəzədiləcək, stansiyada güllərdən xüsusi ekspozisiya hazırlanacaq:
“Saat 12 tamamda isə metroda bütün qatarlar dayandırılacaq, eyni anda fit veriləcək, sonra isə faciə qurbanlarının xatirəsi sərnişinlərlə birlikdə bir dəqiqəlik sükutla yad ediləcək.
Hüzn günü olmasına baxmayaraq, qatarların hərəkət qrafikində və metronun iş rejimində hər hansı dəyişikliyin olacağı gözlənilmir”.
Gülşən RAUFQIZI