20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanında aparılan hazırlıq işləri yekunlaşmaq üzrədir.
Anspress-in məlumatına görə, hazırda xiyabanda Bakı Şəhər İcra Hakimiyyətinin çoxsaylı əməkdaşları işləyir. Ərazidə ağ və qırmızı qərənfillərdən maraqlı kompozisiyalar düzəldilir.
Belə ki, xiyabanın girişindən “Əbədi məşəl” kompleksi istiqamətində beton sürahilərin üzərinə qırmızı qərənfillər düzülüb.
Həmçinin xiyabanın bəzi hissələrinə qırmızı qərənfillərdən dördkünc xalçalar döşənib və ortasına şam qoyulub. Divarların aşağı hissəsinə isə qırmızı və qara lentlərdən hazırlanmış səkkiz guşəli ulduzlar asılıb.
Xiyabanın giriş hissəsi və pilləkənlərdə isə ağ və qırmızı qərənfillərdən məşəl kompozisiyası hazırlanıb.
“Əbədi məşəl” kompleksinin yaxınlığındakı pilləkənlərdə qırmızı və ağ qərənfillərdən ibarət kompozisiya hazırlanıb. Pilləkənlərdən birində isə ağ və qırmızı güllərdən 20 Yanvar sözü yazılıb. Şəhid məzarlarının başında isə şamlar qoyulub.
İşlərin bu gün yekunlaşacağı gözlənilir.
Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bkə şəhərinə daxil olaraq dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
1994-cü ildə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.
20 Yanvar faciəsi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusu tərəfindən hayata keçirilib.
Azərbaycan xalqı yanvarın 19-dan 20-nə keçən gecə öz zəhmli ordusunun tankları, işıq saçan zəhərli güllələri, xüsusi təyinatlı hərbi dəstələri, pozuculuq-təxribat işlərini təşkil edən çevik qrupları ilə üzləşdi.
Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də Azərbaycan xalqı şəhidləri ilə vidalaşdı. Paytaxt matəm libası geyindi. Respublikada 3 gün matəm elan olundu. Azərbaycanın bütün rayonlarında və Bakıda izdihamlı matəm mitinqləri keçirildi. Bu, Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya və müstəqillik uğrunda mübarizə əzmi idi.
Görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu.
Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar olub.
Milli Məclis 1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul etdi. Bununla da 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi.
Azərbaycan Prezidentinin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verilib.
Modern.az