Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) 2014-cü ilin iyul ayında Kəlbəcərdə Ermənistan hərbçiləri tərəfindən girov götürülən Rusiya vətəndaşı olan soydaşımız Dilqəm Əsgərov və onun həmyerlisi Şahbaz Quliyevlə bağlı yenidən Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlayacaq.
Bu barədə Modern.az saytına açıqlama verən ÜAK-ın icraçı direktoru İlqar Hacıyev bildirib ki, onların kəlbəcərli girovlarla bağlı ilk müraciətlərinə hələ ki cavab verilməyib.
“Biz o hadisələr olan vaxtı prezidentə müraciət etdik ki, məsələyə diqqət yetirsinlər, Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad olunmasına təsir göstərsinlər. Bizə iki kəlmədən ibarət cavab verildi ki, “işə baxılır və nəticəsini sizə çatdıracağıq”. Ondan sonrakı hadisələr barədə tam cavab verilməyib. Fikrimiz var ki, yenidən müraciət edək”, deyə İ.Hacıyev əlavə edib.
Qeyd edək ki, girovların azad edilməsi üçün indiyədək bir neçə dəfə Azərbaycandan Rusiya tərəfinə müraciət ünvanlanıb.
Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyul ayında Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş bölgəsinə - öz doğma torpaqlarına səfər edərkən Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Onlarla birgə getmiş digər azərbaycanlı Həsən Həsənov isə qətlə yetirildikdən sonra meyiti Azərbaycana qaytarılıb.
İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.
Aytən ZƏHRA