Modern.az

“Prezidentin keçirdiyi müşavirədə ciddi anonslar verildi”

“Prezidentin keçirdiyi müşavirədə ciddi anonslar verildi”

18 Yanvar 2016, 19:27

“Prezident İlham Əliyevin sədrliyi ilə iqtisadi və sosial durumla bağlı keçirilən müşavirədə kifayət qədər ciddi islahat anonslar verilib. Bu olduqca təqdirəlayiqdir və bütün hallarda əhalimizin düşdüyü acınacaqlı vəziyyətdən çıxması üçün təxirəsalınmaz tədbirlərin görülməsi vacibdir”.

Modern.az xəbər verir ki, bunu deputat Fazil Mustafa bildirib.  

Onun sözlərinə görə, bütün faydalı islahat xarakterli addımların dəstəklənməsi hər bir məsuliyyətli siyasətçilərimizin, məmurlarımızın, iqtisadçılarımızın, sahibkarların, digər kateqoriyadan olan insanlarımızın vətəndaşlıq borcu kimi qəbul olunmalıdır.  

“Bununla belə bəzi tələsik və riskli iqtisadi qərarların alınmaması üçün, yanlış yanaşmaların dərhal dayandırılması üçün qanunverici orqanın da bu müzakirə mühitinin içində yer alması ümumi işimizin faydasına olardı. Çünki bir çox hallarda hökumətin səhv addımlarının hədəf taxtasına əsaslı-əsassız olaraq qanunverici orqanın təmsilçiləri də çevrilir. Söyləyirlər ki, niyə insanların qarşısına çıxmırsınız, niyə problemlərlə maraqlanmırsınız və s. Hansısa bank özbaşınalığına, MTN özbaşınalığına, vergi özbaşınalığına, idxal-ixrac labirintinə, hüquq-mühafizə orqanlarının bir sıra nöqsanlarına hansısa formada müdaxilə etmək imkanımız olmadığı halda, siyasi və iqtisadi xarakterli islahatlarla bağlı təkliflərimiz dəyərləndirilmədiyi halda ölkəmizin gələcəyi ilə bağlı təhlükələrin qarşısını almaqda hansısa kömək imkanına sahib olmuruq.  

Ona görə də prezidentin keçirdiyi bu müşavirədən sonra Milli Məclisin ayrıca iclasında da mövcud iqtisadi vəziyyət açıq şəkildə müzakirə olunmalı və canlı yayımla insanlarımıza çatdırılmalıdır ki, insanların problemlərlə bağlı təşəbbüskarlığı artsın və ümidsizliklər azalsın. Həm də görsünlər ki, həqiqətən də deputatların içində də onların vəziyyətinə laqeyd olmayan və ağıllı çözüm yolları göstərən xeyli insanlar var”.  

Qeyd edək ki, yanvarın 18-də prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirilib.  

Prezident çıxışında süni bahalaşmaya da münasibət bildirib, bu problemə qarşı ciddi mübarizə aparılmasının əhəmiyyətini vurğulayıb.

İşbazların qiymətləri süni şəkildə bahalaşdırmağa çalışdığını deyən dövlət başçısı görülən tədbirlər nəticəsində çörəyin və unun qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşdüyünü bildirib. Struktur islahatları ilə bağlı artıq müəyyən addımların atıldığını deyən ölkə rəhbəri bildirib ki, bu tədbirlər daimi olmalı, bir-birini təkrarlayan və lazımsız dövlət qurumları ya birləşdirilməli, ya da ləğv olunmalıdır.

Valyuta bazarının tənzimlənməsi ilə bağlı müvafiq göstərişlərin verildiyini, təkliflərin hazırlandığını deyən dövlət başçısı bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsinin əhəmiyyətinə toxunub, Milli Məclisin növbədənkənar sessiyasında məsələyə baxılacağını deyib.

Bundan əlavə, prezident beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması, bu işə xarici və yerli investorların cəlb olunması, iqtisadi canlanmaya nail olmaq üçün biznes mühitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib.  

Aqşin KƏRİMOV  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir