Modern.az

Mərkəzi Bankın maliyyə dəstəyi ilə “Makroiqtisadiyyat” tərcümə olundu

Mərkəzi Bankın maliyyə dəstəyi ilə “Makroiqtisadiyyat” tərcümə olundu

19 Yanvar 2016, 11:04


Ölkədə iqtisadi və maliyyə maarifləndirilməsi sahəsində müasir ədəbiyyatlardan istifadə imkanlarının genişləndirilməsi, xüsusilə də ali məktəblərin iqtisadiyyat fənninin tədrisində bu cür dərs vəsaitlərindən faydalanması məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının maliyyə və intellektual dəstəyi ilə R.Dornbuş, S.Fişer və R.Stars müəlliflər qrupunun “Makroiqtisadiyyat” kitabı ingilis dilindən Azərbaycan dilinə tərcümə və çap edilib.

Mərkəzi Bankın mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, kitab bərk cilddə, yüksək keyfiyyətli kağızda, orijinala uyğun dizayn və palitrada ofset üsulu ilə çap edilib:

“Orta çətinliyə malik makroiqtisadiyyat sahəsində qabaqcıl dərslik kimi tanınan bu kitab orijinaldan Azərbaycan dilinə peşəkar səviyyədə tərcümə olunub, akademik yazı standartlarına uyğun keyfiyyətli redaktə edilib.

İngilisdilli iqtisadi ədəbiyyatda geniş yayılmış bir çox müasir anlayışlar Azərbaycan dilinin normalarına uyğun şəkildə istifadə olunub. Dərslikdə bır sıra nəzəriyyələr və praktik məsələlər qabaqcıl metodoloji üslubda izah edilmiş və dünyanın bir sıra aparıcı ali təhsil ocaqlarında makroiqtisadiyyat fənninin tədrisində geniş istifadə edilir”.

Məlumatda qeyd edilib ki, kitab ali təhsilin yuxarı kurs bakalavr və magistr pillələrində dərs vəsaiti kimi istifadə üçün nəzərdə tutulur:

“1000 nüsxədə çap edilmiş kitabın Azərbaycanda fəaliyyət göstərən iqtisadiyyat yönümlü ali təhsil müəssisələrinin müəllim və tələbələri, həmçinin ölkənin elm ictimaiyyətinin nümayəndələri arasında pulsuz paylanması nəzərdə tutulub.

Tərcümə və çap işləri kitabın müstəsna yayımı hüququna malik ABŞ-ın McGraw-Hill Global Education Holdings şirkəti ilə Mərkəzi Bank arasında bağlanan müqaviləyə əsasən həyata keçirilib”.


Gülşən RAUFQIZI

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir