Modern.az

“Hər bir Azərbaycanlı bu şərəfli yolu təkrarlamağa hazırdır” – FOTOLAR

“Hər bir Azərbaycanlı bu şərəfli yolu təkrarlamağa hazırdır” – FOTOLAR

19 Yanvar 2016, 14:15

 

Yanvarın 19-da Kooperasiya Universitetində universitet rəhbərliyinin və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir ilk öncə faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Modern.az xəbər verir ki, tədbirin açılışında çıxış edən  universitetin Tərbiyə işləri və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Abdulla İsayev 20 Yanvar gecəsində minlərlə azərbaycanlının amansızcasına qətlə yetirilməsindən danışıb:

“20 Yanvar gecəsində minlərlə Azərbaycan övladını meydanlara, silahlı rus qəsbkarlarının qarşısına çıxaran qəlblərində gəzdirdikləri doğma torpağın bütövlüyü, toxunulmazlığı və azadlıq arzusu idi. Bu faciə bizə müqəddəs bir and yeri miras qoydu. Doğma Bakımızın Dağüstü parkı kimi tanınan məkan Şəhidlər Xiyabanına döndü. Azərbaycan xalqı şəhidlik zirvəsinə ucalan oğul və qızlarını hər an hədsiz ehtiramla yad edir və daim yad edəcəkdir. İndi hər bir Azərbaycan vətəndaşı lazım gələn anda 20 Yanvar şəhidlərinin getdiyi şərəfli yolu təkrarlamağa hazırdır. Müstəqil dövlətimizin və dövlətçiliyimizin qarantı da, məhz milli qürurunu, vətəndaşlıq qeyrətini hər şeydən üstün tutan belə vətəndaşlarımızın varlığıdır”.


“Tarixdən çox gözəl xatırlayırıq ki, Ulu Öndər Heydər Əliyev 20 Yanvar hadisələrinə ilk siyasi qiymət verərək bu faciəni törədənlərin kimliyini dünya ictimaiyyətinə çatdırdı. O, ağır günlərdə xalqı ilə həmrəy oldu, xalqın sınmış inamını özünə qaytardı. O, hakimiyytə gəldikdən sonra isə bu hadisələrə dövlət səviyyəsində siyasi qiymətin verilməsinə nail oldu”.

Sonra Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan tarixində şanlı bir səhifə olduğunu söyləyib:

“Şanlı Azərbaycan tarixinin 20 Yanvar səhifəsi tarixdə qanla yazılmış səhifədir, ancaq o, təkcə faciə deyil, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şanlı bir səhifədir. Bu, uzun illər əsarətdə yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir”.
“Ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın azadlığını, xalqının şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvərlərimiz öz sinələrini sovet tankları qarşısında sipərə çevirməklə Azərbaycan xalqının mübarizliyini, əyilməzliyini, məğrurluğunu, xəyanətlərə qarşı barışmazlığını bir daha sübuta yetirdilər”.
Digər çıxış edənlər də 20 Yanvar Şəhidlərinin əziz xatirəsi önündə baş əydiklərini bu faciədə dövlət müstəqilliyimiz uğrunda canlarından keçən oğul və qızlarımızın daim gənclər üçün nümunə olacağını bildiriblər.
Sonda 20 Yanvar faciəsinə həsr olunmuş video-rolik nümayiş olunub.


Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir