Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 21-də Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşü olub. Modern.az AzərTAc-a istinadən xəbər verir ki, söhbət zamanı Dünya İqtisadi Forumunun əhəmiyyəti qeyd edilib, Azərbaycanın bu mötəbər tədbirdə fəal və davamlı iştirakı məmnunluqla vurğulanıb. Həmçinin “İpək Yolu” layihəsinə dair məsələlər müzakirə olundu, hazırkı dövrdə regional və beynəlxalq aləmdə neftlə bağlı gedən proseslər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Klaus Şvab Dünya İqtisadi Forumunda onuncu dəfə iştirak etdiyinə görə Davos fəxri üzvlər klubunun nişanını Prezident İlham Əliyevə təqdim etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Söhbət zamanı əlaqələrin intensivləşdirilməsi, qarşıya çıxan məsələlərlə bağlı məsləhətləşmələrin aparılması, birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Norveçin xarici işlər naziri Borge Brende ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyi bildirildi, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda İsveçrə Konfederasiyasının Prezidenti Yohan Şnayder-Amman ilə görüşü olub.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi. Siyasi, iqtisadi, enerji, sərmayə qoyuluşu, nəqliyyat sahələrində səmərəli əməkdaşlığın olduğu vurğulandı. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolundan danışıldı.
Söhbət zamanı beynəlxalq aləmdə hazırkı vəziyyət, neftin qiymətinin aşağı düşməsi fonunda gedən iqtisadi proseslər, maliyyə və iqtisadi sahələrdə böhran ətrafında fikir mübadiləsi aparıldı, həm Azərbaycanda, həm də İsveçrədə bu istiqamətdə atılan addımlar müzakirə edildi.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların hazırkı vəziyyəti ilə bağlı müzakirələr aparıldı.
Modern.az