Modern.az

Davos Forumu Azərbaycan üçün nə verəcək?

Davos Forumu Azərbaycan üçün nə verəcək?

22 Yanvar 2016, 17:12

Hər il olduğu kimi bu il də dünya liderləri, biznes adamları, iri şirkət  sahibləri Davosda Dünya İqtisadi Forumunda bir araya gəliblər. Hələ forum başlamamışdan dünya mətbuatı bu il keçiriləcək iqtisadi forumun ötən illərlə müqayisədə daha önəmli və vacib olacağını bildiriblər.  

Davos İqtisadi Forumu dolların uçot indeksinin qalxdığı və neftin qiymətinin sürətlə aşağı düşdüyü bir dönəmdə  iqtisadi və maliyyə baxımından daha çox zərər çəkən ölkələrin tribunası olacaq. Bəs görəsən bu forum indiki vəziyyətdə iqtisadi çətinliklərin həll olunması, ölkəyə əlavə kapital axınının gəlməsi baxımından Azərbaycana nə kimi təsir edəcək?

Yəni Davos İqtisadi Forumunda Azərbaycan üçün hansı gözləntilər var ? İqtisadçı ekspert Vüqar Bayramov Modern.az-a açıqlama verərək Davos şəhərində baş tutan bu ilki Dünya İqtisadi Forumunun Azərbaycan üçün əhəmiyyətindən danışıb.

“Davos İqtisadi Forumuna bir tribuna kimi baxılmalıdır. Bu forumda dünya liderləri iş adamları, iri biznes qurumlarının rəhbərləri, media qurumlarının nümayəndələri ilə bir araya gəlirlər.

Azərbaycan üçün indiki, 2016-cı ildəki Davos forumu əvvəlki illərlə müqayisədə daha önəmli və əhəmiyyətlidir. Çünki Azərbaycan qeyri-neft sektoruna investisiya cəlb etmək istəyən bir ölkədir. Dövlət şirkətlərini özəlləşdirməyə çıxartmaq istəyən Azərbaycanın indiki məqamda  xaricdən investisiya cəlb etməsi əsas prioritetdir.  

Bu aspektdən  Davos Forumu Azərbaycana məhz həmin imkanların tapılması, reallaşdırılması baxımından yardım edə bilər”. İqtisadçı bildirib ki, Azərbaycan nümayəndə heyəti və ölkə prezidenti də əsasən xarici investorların ölkəyə kapital axınını maraqlı etməsinə çalışır. Vüqar Bayramov bu gün dünyada investisiyaların cəlb olunması uğrunda dünya ölkələri arasında “savaş” getdiyini söyləyib :

“Müzakirələr üçün çox yaxşı bir vasitə olan Davos Forumunda təbii ki, ölkələr öz xidmətlərini, imkanlarını ortaya qoyurlar. Belə müzakirələrdə ölkə özünün nə istədiyini və qarşı tərəfə nə təklif etdiyini deyə bilir. Ona uyğun olaraq da şirkətlər qərar verir.

Çünki bu gün investisiyaların cəlbi uğrunda yumşaq dillə desək ölkələr arasında əsl “savaş” gedir. Azərbaycanda bu “savaşda” çalışmalıdır ki, xarici investisiyanı ölkəyə cəlb edə bilsin və nəticədə  ölkəyə valyuta daxil olsun. Bu baxımından bu forum çox uğurlu ola bilər”. İqtisadçı ekspert bundan başqa bildirib ki, neftin erasının başa çatdığı bir dövrdə ölkədə genişmiqyaslı islahatlar keçirilməsi xarici investorlarda maraq yarada bilər:

“Neftin dünya bazarında qiymətinin aşağı düşməsi Azərbaycanda, ölkə daxilində genişmiqyaslı islahatların aparılmasına şərait yaratmalıdır. Bu baxımdan  mövcud investisiya geniş miqyaslı və məbləğli kapitalın cəlbi baxımından müəyyən çətinliklər yaradır.

Yanvar ayından gömrükdə aparılan liberal addımlar və daxili islahatlar xarici investorlara maraqlı olacaq. Monopoliyanın aradan qaldırılması yollarında atılan addımlar xarici kapital qoyanları cəlb edəcək. Həm də kənardan gələn xarici investorlar  üçün normal biznes mühiti yaradılmalıdır”.

Ağa AKİFOĞLU  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir