Modern.az

“MTRŞ-nin bu qərarı qərəzlidir”- ANS-dən MTRŞ-yə cavab

 “MTRŞ-nin bu qərarı qərəzlidir”- ANS-dən MTRŞ-yə cavab

22 Yanvar 2016, 20:02

 

Bu gün ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS-in “Hesabat” analitik-informasiya proqramının yayımına qoyduğu bir aylıq qadağa ilə bağlı mətbuat konfransı keçirib. Modern.az saytı xəbər verir ki, M.Ağayev MTRŞ-nin bu qərarını qərəzli hesab etdiyini, ANS televiziya kanalının tarixinin hamının gözü qarşısında olduğunu bildirib.

M.Ağayev qeyd edib ki, MTRŞ-nin qəbul etdiyi qərarlar adətən ANS-lə bağlı olub: “Düzdür, Şura başqa kanallarla da bağlı qərarlar qəbul edib, ancaq əsasən ANS barədə qərarlar verib, qadağalar qoyub. MTRŞ başqa kanallara xəbərdarlıqlar etsə də, daha çox ANS cəzalandırılır. Azərbaycan prezidentinin söz azadlığı və demokratiya ilə bağlı atdığı addımlar göz önündədir. MTRŞ bəlkə öz-özlüyündə müsbət qurum ola bilərdi, lakin bu qurumun başında duran məmur və ya məmurlar buna imkan vermir”.

ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru əlavə edib ki, MTRŞ və ANS arasında qarşıdurma Azərbaycan prezidentinin serialların çəkilişi üçün ayrılan vəsaitlə bağlı ANS-dən MTRŞ-ya edilən müraciətdən sonra başlayıb: “ANS-ə çatacaq 40 min manat bizə verilməyib. MTRŞ-dan hər dəfə bizə deyirdilər ki, serialı təqdim edəndə, məbləğ sizə veriləcək. Biz müraciət etdik, cavab olaraq bizə xəbərdarlıq etdilər. Azərbaycan prezidentinin serialların çəkilişi üçün ayırdığı vəsaitin taleyi necədir?! Bəlkə də hər şey şəffafdır. Ancaq biz bu suala cavab tapa bilməmişik. MTRŞ bu haqda məlumat verməlidir”.

«Bu təxribatdır. Biz devalvasiyadan sonra ajiotajın qarşısını almaq üçün bütün imkanlardan istifadə etmişik. Son verilişdə maliyyə naziri Samir Şərifov çıxış etmiş və məsələyə aydınlıq gətirərək xalqı sakitləşdirmişdi», - M.Ağayev belə deyib.

Telejurnalist qeyd edib ki, ölkə prezidenti İlham Əliyev ANS-in və ümumilikdə jurnalistlərin dostudur: «Mən əminəm ki, prezident mütləq bu məsələyə münasibət bildirəcək və bu ədalətsiz qərarın ləğvi üçün hər şey edəcək. Mən prezidentə və onun ədalətliliyinə inanıram».

ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru deyib ki, MTRŞ-nın qərarı ilə bağlı müvafiq tədbirlər görüləcək: "Biz qanun çərçivəsində məhkəməyə müraciət edəcəyik".

Qeyd edək ki, MTRŞ-nin bu gün keçirilən iclasında ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar inzibati icraata dair işə baxılıb. ANS televiziyasının efirində yayımlanan “Hesabat” analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması - proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığını, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyini, faktlar və hadisələrin ədalətli şərh olunmadığını, birtərəfliliyə yol verildiyini nəzərə alaraq, Şura “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə uyğun olaraq ANS televiziyasının efirində “Hesabat” analitik-informasiya proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 ay müddətinə dayandırıb.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir