Modern.az

O, teleradio məkanında bənzərsiz peşəkar idi

O, teleradio məkanında bənzərsiz peşəkar idi

23 Yanvar 2016, 09:28

Uzun illər Azərbaycan Televiziyasında müxtəlif vəzifələrdə çalışmış məşhur televiziya və nəzəriyyəçisi və təşkilatçısı, professor  Elşad Quliyevi tanıyan, bu çevik, öz yaradıcı ideyaları, təşəbbüsləri ilə çoxlarına örnək olan insanla çiyin-çiyinə işləyənlərin hər birinin onun haqqında özəl, lakin hansısa məqamda tamamilə oxşar fikirləri olub. Adi tərcüməçilikdən komitə sədrliyinədək ucalan insan heç vaxt tutduğu vəzifə ilə öyünməyib, imkan və hüquqlarından sui-istifadəyə yol verməyib, hər kəsin qəlbinə yol tapan “açarı” yalnız səmimiyyəti, sadəliyi olub. Montaj otaqları, çəkiliş pavilyonları, rejissor pultları, səyyar çəkiliş stansiyaları, Televiziyanın giriş qapısı, hər yer, hər yer sədrlə görüş üçün, məsləhət almaq, hansısa sənədə qol çəkdirmək üçün əlverişli məkana çevrilmişdi. Bürokratizmdən, süni əngəllərdən, get-gələ salmaq azarından zənd-zəhləsi gedən Elşad müəllim AzTV-də elə bir münbit şəraitin yaradılmasına çalışırdı ki, əməkdaşlar özlərini lap evlərindəki kimi hiss etsinlər, düşündüklərini dillərinə asanlıqla gətirisinlər, hər hansı dialoqdan, diskussiyadan çəkinməsinlər. O çox yaxşı bilirdi ki, məhz bu cür davranış, yanaşma tərzi jurnalistlərə və rejissorlara daha yaradıcı çalışmaq həvəsi və imkanı verir. Texniki personala, sürücülərə, mühafizəçilərə də bu cur münasibət bəsləyirdi. Televiziyaya dəvət olunan qonaqlarla, ekspertlərlə də vaxt tapıb  görüşər, onların fikirlərinə diqqətlə  qulaq asardı.

Yardıcılıq məsələlərində olduğu kimi davranışında, insanlarla münasibətlərində də bizə nümunə göstərir, peşəkarlıq sərgiləyirdi. O illərdə Elşad Quliyevin rəhbərliyi ilə onunla çiyin-çiyinə çalışanların bəziləri iş yerlərini dəyişsələr də, digər vəzifələrə dəvət olunsalar da onunla əlaqəni üzmədilər. Tez-tez qonağı oldular, ötən illərin hadisələrini birgə müzakirə etdilər, xatirələri vərəqlədilər. Bu sətirlərin müəllifi də o sıradan. Elşad müəllim Respublika “Bilik” Maarifçilik Cəmiyyətinin sədri işlələyərkən bu müdrik insanla dəfələrlə görüşdüm, hər zaman aktual olan fikirlərini dinlədim, onunla müsahibələrimi müxtəlif qəzetlərdə dərc etdirdim “Biz o şəhərə gedəcəyik” kitabıma daxil etdiyim müsahibələrində bəhs etdiyi həqiqətlərin, mətləblərin də gənc jurnalistlərə həmişə fayda verəcəyi zənnindəyəm.

Zahiri görkəmi heç də çeviklikdən və həssaslıqdan uzaq bir xarakter sahibi kimi görünməsi demək deyildi. Bu sanballı, xarizmalı insanın yaradıcılıq və təşkilatçılıq enerjisi tükənməz idi, aşıb-daşırdı. Elşad müəllimi yaxından tanıyanlar onu bir qədər xəyalpərvər, bəzən maksimalist, bir tərəfdən də qeyri-adi dərəcədə həssas və televiziyaya vurgun şəxsiyyət kimi səciyyələndirirdilər. "Telefenomen" əsərinin müəllifi İradə Xanım yazır ki, Elşad müəllimin özünə inanması, qarşısına qoyduğu məqsədləri yaxından duyması, çevikliyi, gözəl xarakteri, geniş dünyagörüşü, hazırcavablığı, sənətə sevgisi onu ətrafındakı bəzi insanların həsəd obyektinə çevirmişdi.

Doğum günündə onun həyat tarixçəsinə qısa nəzər salmaq yerinə düşərdi. 1941-ci ildə Cəlilabad şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini və Moskvada İctimai Elmlər Akademiyasını bitirib. 3 il Lənkəranda müəllimlik edib. Sonra AzTV-yə işə düzəlib. Tərcüməçi, televiziya proqramları direktoru, 1972-ci ildən isə Dövlət Televiziya və Radio Verlişləri Komitəsi sədrinin birinci müavini, 1983-1990-cı illərdə Komitə sədri kimi fəaliyyət göstərib. 1990-cı ildən "Bilik" Maarifçilik Cəmiyyətinin sədri olub. 1992-ci ildə yenidən qısa müddət AzTV sədri işləyib, 1993-1994-cü illərdə ilk müstəqil televiziya kanalının - BMTİ-nin Baş direktoru olub. Əməkdar İncəsənət Xadimi, tarix elmləri namizədi Elşad Quliyev Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru və professoru, Beynəlxalq Televiziya Akademiyasının həqiqi üzvü olub. Keçirdiyi ağır xəstəlikdən sonra 2008-ci il mayın 27-də dünyasını dəyişib.

Televiziyanın kütləvi informasiya vasitələri sistemindəki rolunun artmasında, mövqeyinin möhkəmlənməsində Elşad Quliyevin xidmətləri danılmazdır. AzTV-yə rəhbərlik etdiyi zamanda sovet dönəminin bütün ideoloji buxovlarına, yuxarıların təzyiqlərinə baxmayaraq, respublikanın yeganə televiziyası xalqın böyük rəğbətini qazanmışdı. AzTV milli şüurun və ana dilinin inkişafı, cəmiyyətdə gedən ictimai prosesləri, xalqın sosial-iqtisadi və mədəni nailiyyətlərini bütün dolğunluğu ilə əks etdirirdi. Bir faktı xatırladaq ki, texniki və yaradıclıq parametrlərinə görə AzTV ötən əsrin 80-ci illərində SSRİ miqyasında 14-cü yerdən 4-cü yerə çıxmışdı. Bu, adi statistik göstərici deyildi, biz Azərbaycandan qat-qat böyük, inkişaf etmiş respublikaları televiziya sarıdan qabaqlamışdıq. Rafiq Hüseynov, Ofelya Sənani, Roza Tağıyeva kimi tanınmış diktorların Ümumittifaq ekranında tez-tez görünməsi də bu sənətkarların yüksək peşəkarlığı ilə yanaşı Elşad müəllimin Moskvadakı həmkarları, xüsusən Ümumittifaq Televiziya və Radio verlişləri Komitəsinin sədri Lapinlə dostluq münasibətləri, qazandığı nüfuzla bağlı idi. O illərdə ulu öndər Heydər Əliyevin Azərbaycan Televiziyasının inkişafına göstərdiyi yaxından kömək və qayğı nəticəsində Azərbaycan Televizyasının hər bir təşəbbüsünə Moskvada “yaşıl işıq” yandırılırdı. 

Uzun illər Elşad Quliyevlə çiyin-çiyinə işləmiş Fuad Vəlixanov deyir ki,  SSRİ teleməkanında bizim sədrimiz öz işini çox yaxşı bilən bir telemütəxəssis kimi fərqlənirdi. Onun görkəmkli televiziyonçu olmasını mətbuatda dərc olunan məqalələri, kitabları bir daha təsdiqləyir. Elşad müəllimin məşhur deyimlərindən birini yada salaq: “Teatr asılqandan başladığı kimi televiziya da proqramlaşdırmadan  başlayır”. O hələ proqram direktoru işlədiyi vaxt efir siyasətini dəqiq yönləndirir, onun qurucusuna çevrilirdi. Elə buna görə də çox tez tanınmağa başladı. Zamanın nəbzini tutmaq, auditoriyanı tanımaq, insanların psixologiyasına varmaq. O vaxt sədrimiz bu prinsipləri iş prosesində əsas tuturdu. O vaxtlar televiziya ilə sıx əlaqələri olan, bir sıra verlişlərin hazırlanmasında yaxından iştirak edən professor Telman Əliyevin bir fikrini xatırlatmaq yerinə düşərdi: “Elşad müəllim kabinetə sığmayan yaradıcı adamdır. Fikrimcə Adil İskəndərov teatr üçün kim idisə, Elşad Quliyev də televizya üçün odur...”

Elşad Quliyevin rəhbərlik etdiyi dövrdə kollektiv bir sıra bu gün də fəxr ediləsi uğurlara imza atmışdı. Azərbaycan tarixinin öyrənilməsi ilə bağlı bədii və sənədli filmlərin, teletamaşaların çəkilişinə start verilmiş, ictimai-siyasi və sosial xarakterli problemlər, cəmiyyətin mənəvi saflaşması, sosial ədalət uğrunda mübarizənin  genişlənməsi verlişlərin əsas mövzularına çevrilmişdi. O, israrla çalşırdı ki, monoloqdan, nəsihətdən, göstərişdən geniş diskussiyalara, ictimai müzakirə formalarına keçilsin, köhnə təbliğat modellərindən imtina edilsin, verlişlərdə müxtəlif mövqe və baxışlar ortaya qoyulsun, onların qarşılıqlı təhlili verilsin."AzTV yeganə kanaldır ki, ona ailəliklə baxmaq olur" fikri məhz o illərin yaradıcılıq ab-havasından, iş prinsiplərindən və metodlarından qaynaqlanıb. Bunu danmaq olmaz. AzTV-nin "Telefilm" Yaradıcılıq Birliyinin Elşad Quliyevin həyat və yaradıcılıgı barədə çəkdiyi "Ömrün teleformatı" televiziya filmində professor Nizami Cəfərov bu sözləri çox ürəklə deyirdi. "O, əldə mikrofon tutmaqdan, o mikrofona deyilən sözü cəmiyyətə çatdırmaqdan təhlil etməyədək hər şeyi bilirdi." Tanınmış kinoşünas Ayaz Salayev isə fikrini bu cür ifadə etmişdi: "O, televiziya rəhbərliyinə həyatın içindən gəlmişdi. Ona görə də yaxşı insanın, düz sözün qədrini bilirdi. Elşad müəllim tolerant təbiətli, geniş təfəkkürlü, əsl peşəkardır. Azərbaycan teleməkanında öz işini sevən ikinci belə bir adam tapılmaz." 


2004-cü ilin mart ayında Elşad Quliyevin “Televiziya: nəzəriyyə, inkişaf meyilləri” adlı növbəti kitabı işıq üzü gördü. Həmin tədbirdə çıxış edən görkəmli söz ustası Vaqif Səmədoğlu bu fikirləri çox ürəklə səsləndirmişdi: “Bu vaxtacan elə bilirdim ki, televizya haqqında nəsə bilirəm, amma bu kitabı oxuyandan sonra gördüm ki, arvadımdan bir balaca çox bilirəm. Bu kitab Elşad Quliyevin yazdığı həyat kitabının onda biridir. Mən bunu bilirəm, çünki Səməd Vurğunun oğluyam. Elşad Quliyevin insani burulğanı, bəzən şəxsiyyət facisəsi, könül, qəlb, intellekt  dramları bu kitabın arxasındadır. Bu kitabı aysberqə bənzədirəm...”

Elşad Quliyevin bu gün də, sabah da aktual olan fikrləri Azərbaycan teleməkanında çox qiymətli mülahizələr kimi qəbul olunur. Elşad müəllim deyirdi ki, aylarla bizi özümüzdən "oğurlayan”, yalnız metrajı uzatmağa, biznes faktorunu gücləndirməyə və Allah bilir, daha hansı niyyətlərə xidmət edən teleseriallar bəzən əxlaqi-etik çərçivələrə sığmır. Xüsusən gənclərin mənəvi tərbiyəsində arzuolunmaz izlər qoyur. Nəyə fikir verməliyik - seçim, seçim yenə də seçim. Serial müasir televiziyanın atributudur. Lakin mövzu seçimində yanılarıqsa, əslində, uduzmuş olarıq " Elşad Quliyev cox vətənpərvər, millətsevər, sözün əsl mənasında, böyük ziyalı idi. Televiziya və radionun ugurlarına ürəkdən sevinir, ugursuzluqlarına çox kədərlənirdi. Bütün söhbətlərində, görüşlərində ölkə telekanallarında çalışan gənc jurnalistlərə, rejissor və operatorlara, digər peşə sahiblərinə həmişə yaradıcılıq uğurları, peşəkarlıq arzulayırdı. Mənə verdiyi müsahibələrin birində deyirdi: "Bizim vaxtımızda örnək, görüb-götürmək üçün nümunə olmayıb. Hər şeyi özümüz tapırdıq. Amma indi bəhrələnmək üçün olduqca münbit şərait var. Ənənələri yaşatmaq da olduqca prinsipial məsələdir. Unutmamalıyıq ki, yenilik həm də unudulmuş köhnəlikdir. Televiziya jurnalistləri keçmişə hörmət, bu günə ehtiram göstərməklə özlərinin daha parlaq gələcəyini qazanmış olarlar."

Və bu, təkcə televiziya ilə bağlı deyildi. O, ölkəmizin qazandığı hər ugura sevinirdi. Yaxşı xatırlayıram ki, Azərbaycan təmsilçilərinin“Eurovision”da ilk dəfə iştirak etməsinə və ugurlu çıxışına necə sevinmişdi. Saglamlıq durumunun agır olmasına baxmayaraq, bəstəkar Gövhər Həsənliyə zəng vuraraq onu təbrik etmişdi. Həmin hadisədən elə bir neçə gün sonra dünyasını dəyişdi...

Yaşasaydı bu gün əzizlərinin və dostlarının arasında 75 illik yubileyini qeyd edəcəkdi...

Yəqin ki, Elşad müəllimin tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Cəmil Quliyevin atası oldugunu çoxları bilir. Hazırda İctimai Televiziya və Radio Yayımları Şirkətinə rəhbərlik edən Cəmil müəllim Elşad Quliyevin arzu və istəklərinin davamçısı kimi çox işlər görür və vaxtilə atasının ona bəslədiyi etimadı bacarıqla doğruldur.

Elşad müəllimsiz illərimizdə telejurnalistikada unudulmaz hadisələr baş verib. Yeni telekanallar açılıb, ölkədə güclü teleradio jurnalistləri və rejissorları korpusu formalaşıb. Ustadımız haqq dünyasında olsa da bu gün ruhu şaddır. Ürəkdən sevdiyi, qəlbən bağlandığı telekanal-AzTV yaradıcılıq və texnoloji parametrlərə görə yüksək inkişaf yolu keçməkdədir. Burada çalışan hər kəs vaxtilə Elşad müəllimin öz yaradıcılığında  və rəhbərlik fəaliyyətində ortaya qoyduğu prinsipləri ləyaqətlə doğruldur, telejurnalistikamıza yeni uğurlar qazandırır. 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir