“Sumqayıt şəhər Prokurorluğuna qızım Rumiyyənin intiharı ilə bağlı başladılmış cinayət işi ilə bağlı gedib ifadə verdim və hadisənin təfərrüatlarını danışdım”.
Bu sözləri Modern.az-a açıqlamasında Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin intihar etmiş I kurs tələbəsi Rumiyyə Qasımovanın atası Elşən Qasımov deyib.
O qeyd edib ki, hələlik cinayət işinin gedişatı ilə bağlı ona məlumat verilməyib.“Mən ifadəmi verdim, hadisəni danışdım. Hazırda istintaq davam edir. Bir yenilik yoxdur, mənə də məlumat verilmir. Yəqin ki 2-3 günə bizə məlumat verilər”.
E.Qasımov dövlət qurumlarından və Sumqayıt Dövlət Universitetindən hələ də heç kimin onlarla əlaqə saxlamadığını bildirib.
“Bizimlə heç kim əlaqə saxlamayıb. Sumqayıt Dövlət Universitetindən isə qızım barədə deyilənlər şayiədir. Onlar dərslərini alıb oturublar. Tələbələr özləri mənə həmin gün qızımın hansı vəziyyətdə olduğunu demişdilər, onların ağzından bu sözləri eşitmişdim. Universitet sadəcə qızım haqqında yalan informasiyalar verib. Şəhər Prokurorluğunda ifadəmi verdim, məndən başqa kimlərin danışdırılması barədə xəbərim yoxdur.
Bu günlərdə bir az məşğulam. Amma istintaqın davam etdiyi barədə məlumatım var”.
Qeyd edək ki, yanvarın 9-da itkin düşmüş Sumqayıt şəhər sakini Rumiyyə Qasımovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yanvarın 10-da dəniz sahilində tapılıb.
Rumiyyə Qasımova universitetə qəbul olunmazdan öncə oxuduğu “Azəri” hazırlıq kurslarında əlaçı abituriyent olub.
Sumqayıt Dövlət Universiteti isə deyilənləri təkzib edib.
Aytən ZƏHRA