Fövqaladə Hallar Nazirliyi (FHN) 2015-ci ildə baş vermiş hadisələrə dair statistikanı açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, 2015-ci il ərzində respublika ərazisində 47 partlayış hadisəsi baş verib ki, bu da 2014-cü il ilə müqayisədə 11 hadisə və ya 31 faiz çoxdur.
Partlayışlar zamanı 13 nəfər həlak olub, 66 nəfər xəsarət alıb.
Qeyd edilib ki, 2015-ci il ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 13492 çıxış edilib.
Onlardan:
çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində yanğınlar - 1989 çıxış;
açıq sahələrdə yanğınlar – 8805 çıxış;
nəqliyyat vasitələrində yanğınlar – 381 çıxış;
meşə və meşə talalarında yanğınlar – 6 çıxış;
digər yanğınlar üzrə - 2311 çıxış təşkil edib.
Yanğın hadisələri zamanı 64 nəfər həlak olub, 170 nəfər xəsarət alıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 5 nəfər və ya 8 faiz, xəsarət alanlar üzrə 71 nəfər və ya 72 faiz çoxdur.
Rəsmi məlumata görə, 2015-ci il ərzində respublika ərazisində 13658 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2370 hadisə və ya 21 faiz çoxdur.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 77 nəfər həlak olub, 237 nəfər xəsarət alıb, nazirliyin xilasediciləri tərəfindən 208 nəfər xilas edilmiş, 802 nəfər təxliyə olunub.
Gülşən RAUFQIZI