15 gün öncə həbs edilən gənc blogger Hüseyn Əzizoğlu azadlığa buraxılıb. Modern.az xəbər verir ki, bu barədə məlumatı Hüseyn Əzizoğlunun özü feysbuk səhifəsində paylaşıb.
“Hər kəsə salam. Artıq azadlıqdayam. 15 gün əvvəl başıma xoşagəlməz hadisə gəldi. Bir nəfərlə mübahisə edərək, insanların içində onu söyməli oldum. O da məndən 102 xidmətinə şikayət etdi. Buna görə də 15 gün həbs olundum. Ona əmin olun ki, həbsimin polis videolarına heç bir adiyyatı yoxdur. Hər şey əladır. 2-3 gün istirahət edim yeni “vine”lərlə qarşınızda olacam. Bu arada 8-ci kameradan hamınıza salam var”-deyə H.Əzizoğlu vurğulayıb.
Qeyd edək ki, Hüseyn Əzizoğlu sosial şəbəkələrdə məşhur olan “Üç-üz” səhifəsinin yaradıcılarından biridir. H.Əzizoğlu İnzibati Xətalar Məcəlləsinin 296-cı (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunub və 15 sutka azadlıqdan məhrum edilib.
Modern.az