Modern.az

Polis əməkdaşının başçılıq etdiyi oğru dəstəsi yaxalanıb

 Polis əməkdaşının başçılıq etdiyi oğru dəstəsi yaxalanıb

23 Yanvar 2016, 20:44


Abşeronda baş verən silsilə oğurluqlar barədə polisə məlumat daxil olduqdan sonra əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Təxminən 3 gün əvvəl isə oğurluqları törədən dəstə növbəti evi qarət etməyə gedərkən «iş başında» yaxalanıb. Modern.az saytı xəbər verir ki, dəstə üzvləri arasında polis əməkdaşı da olub. Belə ki, saxlanılan Sərxan Manafov Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Diplomatik Korpusların Mühafizə Taborunun 2-ci bölüyünün əməkdaşıdır.

Avtosfer.az-ın məlumatına görə, təxminən 10 ilə yaxındır polis sistemində işləyən Sərxan Manafov öz tanışlarından ibarət 3 nəfərlik dəstə yaradıb və özü də dəstəyə başçılıq edib. O, qarət ediləcək evləri özü müəyyən edib. Daha sonra dəstə üzvlərinə istiqamət verərək oğurluq planıni həyata keçiriblər. Bu dəstə artıq 5 oğurluq hadisəsi törədib.

Sonuncu oğurluq hadisəsi də yanvarın 18-də Abşeron rayonunda Sərxan Manafovun müəyyən etdiyi evdən edilib. Lakin bu dəfə polis əməkdaşı həmin evdə təhlükəsizlik kamerası olduğunu bilməyib və oğru dəstəsi kameraya düşüb.

Abşeron rayon Polis İdarəsinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində kamera görüntülərinə də baxış keçirilib və dəstə üzvləri yaxalanıb. Artıq Sərxan Manafov da həbs olunaraq Kürdəxanı qəsəbəsindəki istintaq təcridxanasına göndərilib.  

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bildirib ki, yanvarın 18-də Bakı şəhər sakinləri Sərxan Manafov və Kərim Süleymanov Abşeron rayonu, Xırdalan şəhər sakini Cabir Nəbiyevin evinə daxil olaraq ev sahibi və onun oğlunu döyərək evdən 650 manat pul və 17 min manat dəyərində qızıl-zinət əşyaları apardıqlarına görə tutulublar. Hazırda Abşeron rayon Polis İdarəsində "quldurluq" maddəsi ilə cinayət işi qaldırılıb, istintaq tədbirləri davam etdirilir: "O ki qaldı Sərxan Manafovun polis əməkdaşı olmasına, o vaxtilə polisdə işləyib, sonradan işinin öhdəsindən gələ bilmədiyinə polis orqanlarından kənarlaşdırılıb. Hal-hazırda polis əməkdaşı deyil. Özü də polisdə sıravi işçi olub".

Modern.az

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir