Modern.az

Müxalifət böhranla bağlı Bakıda toplandı - FOTO

Müxalifət böhranla bağlı Bakıda toplandı - FOTO

24 Yanvar 2016, 16:42

Yanvarın 24-də müxalifətdə olan bəzi qüvvələr bir araya gələrək ölkədə baş verən böhranla bağlı toplantı keçiriblər.

Modern.az saytı musavat.com-a istinadən xəbər verir ki, KXCP, AXP, ADP, Ümid Partiyalarının rəhbərləri, "Ağ blok", Bakı Kəndlər Birliyi də daxil olmaqla, tədbirdə iki yüzdən artıq şəxs iştirak edib. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.

KXCP sədri Mirmahmud Mirəlioğlu çıxışında bildirib ki, uzun müddətdir ki, müxalifət bu cür, bu şəkildə bir araya gəlmirdi: “Buna görə iqtidara təşəkkür düşür”.

Ümid sədri İqbal Ağazadə isə qeyd edib ki, bu tipli tədbirlərin geniş tərkibdə və müntəzəm keçirilməsi vacibdir: "Bundan sonra da bu tipli tədbirlərin keçirilməsi, xalqın problemlərinin qaldırılması istiqamətində işlər aparılmalıdır. Xalqın bir arada olmasının yollarını aramalıyıq”.

ADP sədri Sərdar Cəlaloğlu isə qeyd edib ki, böhranı yaradan iqtidar xalqı həmin böhrandan çıxara bilməz: “Bu, torpaqların itirilməsinə səbəb olacaq, Azərbaycan xalqının bütünlüyünü təhlükə altına alan bir prosesdir. Bu böhranın ağırlığını Azərbaycan xalqı qaldıra bilməyəcək. Azərbaycan faktiki olaraq, total böhrandadır. Azərbaycanda köklü radikal islahatlar aparılmasa, ölkə batacaq. Təcili, növbədənkənar parlament seçkiləri keçirilməlidir. Xalqın iradəsini ifadə edən, demokratik seçki olmalıdır. İkincisi, Azərbaycanda mütləq koalisyon hökumət yaradımalıdır. Qanunvericilik sisteminin dəyişdirilməsi və idaretmə prinsipinin dəyişdirilməsi vacibdir...".

ADR Hərəkatının təmsilçisi Vurğun Əyyub isə qeyd edib ki, son vaxtlar böhrandan çıxmaq üçün hakimiyyətə çox sayda təkliflər verilsə də, heç birinə cavab gəlməyib: “Azərbaycan hakimiyyətinin heç bir proqramı yoxdur, xaotik addımlar atırlar”.

AXP sədri Pənah Hüseyn isə bildirib ki, artıq xalq hərəkatının başlanması labüddür və bu, olacaq: “Bu günkü tədbir də buna öz töhfəsini verəcək”.


Çıxış edən digər müxalifət təmsilçiləri də parlamentin təcili buraxılmasını, dövlət başçısının müxalifətlə bir masa arxasında oturmasını təklif ediblər.

Tədbir dövlət himni ilə də yekunlaşıb. Tədbirdən sonra siyasi liderlər toplaşaraq işçi qrupun yaradılması barədə ümumi razılığa gəldilər. İşçi qrupun növbəti toplantısı gələn həftəyə nəzərdə tutulub.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir