Onlar bizlərə nə çatdırmaq istəyirdilər?..
Yanvarın 24-də axşama yaxın fikirli halda bir anlığa pəncərədən bayırdakı rüzgarsız rüzgara baxarkən gözləmədiyim və qətiyyən istəmədiyim mənzərənin şahidi oldum. Yaxınlıqdalkı məktəbin həyətindəki ağaclardan birinin üstünə bir sürü qara qarğa qonaraq, haray-həşir qoparırdılar. Məktəbin futbol meydançası da qarğalarla dolu idi. Onların heç vaxt yaxşı xəbər vermədikləri məlum olduğundan narahat olmağa başladım. Axı, necə də narahat olmaya bilərdim ki, belə bir qarğa mənzərəsini, “qarğa bazarı”nı Sumqayıtda əvvəllər heç vaxt görməmişdim.
Sonuncu dəfə qarğa qoşununu 1992-93-cü illərdə Bakıya işə gedərkən Xırdalan qəbristanlığı ilə üzbəüz olan təpəliklərdə görmüşdüm. O zaman, yalan olmasın, minlərlə qarğa qarşıdakı düz-dərə üstündə fırlanaraq uçuşur, sanki bəd bir xəbərdən özləri də vahiməyə düşmüşdülər. Özü də bu vəziyyət uzun zaman davam etdi. O vaxtlar narahat olmamağa, özümə təsəlli verməyə çalışaraq, qarğaların o cür kütləvi toplanışını ac olmaları, yem tapmamaları ilə əlaqələndirirdim... Lakin sən demə, qarğalar bizə qarşıda bizi gözləyən bədbəxtliklər, faciələr barədə bəd xəbər çatdirmaq istəyirdilər. Həmin illərdə Şuşa, Laçın, Kəlbəcər, Ağdam və neçə-neçə rayonumuz, yüzlərlə kəndimiz düşmən tərəfindən işğal olundu, minlərlə öğullarımız döyüşlərdə həlak oldu, nə qədər qocalarımız, qadın və qızlarımız əsir alınıb, min cür işgəncələrə məruz qalınaraq, güllələndi, həyatın heç bir sevincini duymamış körpə-fidan balalar vəhşicəsinə qətlə yetirildi...
Bəs, görəsən, bu qara qarğalar da hansısa bir bəd xəbəri gətirmişdimi? Narahatçılığım əbəs deyilmiş. Heç bir-iki saat keçməmiş teleekranda (bu haqda yazacağımı əvvəlcədən düşünmədiyimdən hansı telekanal olduğuna təəssüf ki, fikir vermədim və “babal” yuyub, təxmini demək istəmirəm) bir “qara qarğa” – təxribatçı iqtisadçı-“ekspert” peyda olub, xalqımıza bədniyyət xəbərin “anons”unu verdi. Bilmirəm o, hansı milyonerin, ya milyarderin “adyutantı” idi ki, ölkəmizə okeanın o tayından, Avropadan bir qara kabus kimi sürüklənərək, hücum çəkən devalvasiyanın ağrı-acısı, göynərtisi (bəzi ailələrdə hətta - faciəsi) hələ davam etməkdə ikən əhalini daha bir ağır xəbər “siklon”unun ağuşuna atdı. Ölkə başçısının bütün səylərinə baxmayaraq, sanki əhalini işsiz və pul-parasız qoymaq üçün dəridən-qabıqdan çıxan bəzi işbazların, korrupsionerlərin istəklərini yerinə yetirməyə çalışan “ekspert” xalqın tarıma çəkilmiş əsəblərini vecə almadan, dil boğaza qoymayaraq sübut etməyə çalışırdı ki, strateji-sosioloji əhəmiyyət daşıyan sahələr, o cümlədən təbii qaz sektoru (“Azəriqaz”) və Allahın suyu da (“Azərsu”) özəlləşdirilməlidir və bundan başqa guya heç bir çıxış yolu yoxdur...
Birincisi, anlamaq olmur ki, bu cür “bəyanat”la çıxış edən o təxribatçı “ekspert”i həmin teleməkan rəhbərliyi nə üçün ekrana yaxın buraxmışdı? Kiminsə müəmmalı, bədniyyət sifarişini kor-koranə yerinə yetirməyə çalışan həmin “mütəxəssis” və telekanal rəhbərliyi doğrudanmı başa düşmürlər ki, bütün energetika sistemi kimi neft sənayesi və onun ayrılmaz hissəsi, mühüm bir qolu olan qaz sektoru da və ölkənin su sistemi də strateji sahələr olaraq ümumxalq malı, dövlətin malıdır, ancaq xalqa, sənə, mənə, ona - hamıya məxsusdur və onların özəlləşdirilməsindən söhbət belə, gedə bilməz, onu kiminsə - hansısa milyonerin, milyarderin mülkiyyətinə vermək olmaz?
Bu cür məsuliyyətsiz bəyanat vermək, bütün xalqa məxsus olan bu sərvətləri bir adamın mülkiyyətinə nə adla, hansı əsasla vermək olar? Sovetlər dövründə bu cür çağırış edəni (əslində beləsi qətiyyən ola bilməzdi!) “sabotajçı” adlandırar və bir gecənin içində yox edərdilər. Xalqın malına göz dikənlərin son aqibətinin necə olduğunu unutmaq lazım deyil. Ölkədə inhisarçılıq yaradanlar, xalqı soyub-talayanlar, qanunsuz olaraq hektarlarla torpağı kasıb-kusubun əlindən dəyər-dəyməzinə alanlar, hələ də ehtiyac içində yaşayan həmvətənlərimiz olduğu halda korrupsiya yolu ilə əldə etdikləri milyonları, milyardları xarici banklara köçürən, Avropa ölkələrində, Amerikada özlərinə çoxmərtəbəli villalar, uca-uca, möhtəşəm qəsrlər tikdirən “sualtı” oliqarxlar azdırmı ki, daha birisinə də ölkəni və xalqı talamağa şans və imkan yaradaq? Xalqa və ölkə rəhbərliyinə bu cür xəyanətkar, sifarişli “ideyalar”, məkrli “mesajlar” vermək lazım deyil. Belə hallara birdəfəlik olaraq son qoyulmalıdır.
İnanırıq ki, Ulu öndərimiz Heydər Əliyevin dövlətçilik, millətçilik və vətənpərvərlik ənənələrini uğurla və qətiyyətlə davam etdirən, xalqına hər zaman sadiq olaraq, onun firavanlığı, xoşbəxtliyi naminə yorulmaq bilmədən çalışan müdrik rəhbərimiz, hər bir azərbaycanlının Prezidenti olan möhtərəm İlham Əliyev cənabları bu cür məkrli “ideyaların”, fitnəkar, mənfur cəhdlərin qarşısını kəskinliklə, qətiyyətlə alacaqdır. Xalqımız korrupsiyalaşmış ünsürlərə qarşı mübarizəni son dövrlərdə dövlət səviyyəsində daha da gücləndirmiş Prezidentimizə inanır və daim məhz ona arxalanır.
Rəhman ORXAN
e-mail: [email protected]