Modern.az

“Bəzi qüvvələr Qarabağla bağlı qətnamə layihəsinə mane olmağa çalışır”

“Bəzi qüvvələr Qarabağla bağlı qətnamə layihəsinə mane olmağa çalışır”

26 Yanvar 2016, 10:44


AŞPA-nın qış sessiyasında iştirak edən Elxan Süleymanov fikirlərini AZƏRTAC-la bölüşüb.

O bildirib ki, AŞPA-nın yeni sədri seçilən Pedro Aqramunt Azərbaycan üzrə beş il məruzəçi olub və ölkəmizin reallıqlarına yaxşı bələddir. Əvvəlki sədrlər Azərbaycanı yaxşı tanımırdılar, onlar sədr olduqları müddətdə bir və ya iki dəfə Azərbaycana gəlir, ölkəmizi, onun reallıqlarını bilmirdilər. Ümid edir ki, Pedro Aqramunt Avropa Şurasına üzv ölkələr arasında əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək.

AŞPA-nın qış sessiyasında müzakirə olunacaq Azərbaycanla bağlı iki qətnamə layihəsinin müəllifi Elxan Süleymanov qeyd edib ki, “Dağlıq Qarabağ və Sərsəng su anbarı” və “Azərbaycanın sərhədyanı ərazilərində yaşayan əhali qəsdən sudan məhrum edilibdir” adlı hər iki qətnamə layihəsi Komitə iclasında müzakirə edilib və plenar sessiyaya tövsiyə olunub. Ancaq ermənilər qış sessiyasında qətnamələrin müzakirə olunub onunla bağlı qərar qəbul edilməsinə mane olmağa çalışırlar.

AŞPA-nın Komitə iclasında müzakirə edilib qəbul olunmuş məruzəni yenidən müzakirə üçün geri qaytarmaq praktikası olmayıb. Buna baxmayaraq bəzi qüvvələr Azərbaycanla bağlı bu iki qətnamə layihəsinə mane olmağa, onları yenidən müzakirə etmək üçün Komitəyə qaytarmağa cəhd edirlər.

Onun sözlərinə görə məruzə müzakirəyə çıxarılacaq, bu qaçılmazdır. Ancaq bəzi qüvvələr “Ermənistan dövlətinin silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal edib” bəndini silmək və “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini yenidən bərpa etməyə və beləliklə də, məruzəni yumşaltmağa çalışırlar.

Elxan Süleymanov deyib: “Artıq 23 ildir beynəlxalq təşkilatlar qondarma qətnamələrlə beynəlxalq ictimaiyyəti aldadır, Azərbaycan xalqının gözünə kül üfürür. İnanıram ki, haqq öz yerini tutacaq, biz tarixi qələbəni qazanacağıq”.

Modern.az   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir