“Qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib”.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Modern.az saytına deyib ki, təhlükəsizliyin təmin edilməsi məqsədilə paytaxtın inzibati ərazisinə düşən bütün küçə və prospektlər nəzarətə götürülüb:
“Yolların təmizlənməsi ilə əlaqədar aidiyyatı üzrə təhkim edilmiş əməkdaşlarımız, eyni zamanda kameraların görüntüləri əsasında qarın təmizlənməsi üçün müvafiq qurumlara məlumat verir.
Hazırda paytaxt ərazisinə aid çökəklik yerlər avtomobillərin, hərəkət iştirakçılarının hərəkəti üçün tam təhlükəsiz vəziyyətə gətirilib”.
V.Əsədov bildirib ki, nisbətən yüksəklik yerlərdə yollarda qar və buz müşahidə edilir: “Bir qədər yüksəklik ərazilərdə şaxtanın tutduğu yerlərdə-Yasamal və “Günəş”li qəsəbəsi istiqamətində olan hissələrdə hərəkət nisbətən çətindir. Buna baxmayaraq əməkdaşlarımız enişli-yoxuşlu yollar, həmçinin sərt döngələrdə də xidmət aparır.
Avtomobil sürücülərinə müraciət edirik ki, şəxsi avtomobildən imtina edərək, ictimai nəqliyyat vasitələrinə üstünlük versinlər.
Eyni zamanda texniki cəhətdən saz nəqliyyat vasitələrilə yola çıxsınlar. Yola qoyulmuş nişanların, svetaforların tələblərinə uyğun olaraq hərəkət etsinlər, sürət həddi minimuma endirilsin, ara məsafəsi normadan artıq saxlanılsın, mümkün qədər əyləc sistemindən istifadə edilməsin.
Avtomobilin hərəkətə gətirilməsi və dayandırılması sürətlər qutusunun köməyilə həyata keçirilsin. Hava şəraitindən asılı olmayaraq dövlət nömrə nişanlarının təmiz saxlanılması və işıq cihazlarının görünməsi mütləq təmin edilməlidir. Əks halda sürücü məsuliyyətə cəlb ediləcək”.
Polis polkovniki həmçinin piyadaları da diqqətli olmağa çağırıb. “Piyadalara da tövsiyyəmiz budur ki, yalnız səkilər üzrə hərəkət etsinlər, yeraltı və yerüstü piyada keçidlərindən istifadə etsinlər. Azyaşlılara böyüklərin nəzarəti altına qapalı şəraitdə qartopu oynamaları tövsiyyə olunur”.
Gülşən RAUFQIZI