Nəsiman Yaqublu,
Tarix elmləri doktoru
Uzun illər müddətində bu insanları vətən xaini kimi ictimaiyyətə təqdim ediblər. Lakin onların sovet rejimindən uzaqlaşma səbəbini açıqlamayıblar. Sadəcə ittiham ediblər: “vətənə xəyanət ediblər”, ”Hitlerin tərəfinə keçiblər”, “vətəni satıblar” və s. Lakin açıqlanmayıb ki, bəs bu “vətəni satanların” sayı niyə gəlib 70 000 (yetmiş min) çatırdı? Bütövlükdə Sovet İttifaqında isə 1 milyondan çox insan bu addımı atmışdı. Deməli, səbəb başqa idi. İşğalçı mahiyyət daşıyan Sovetlər Birliyini qəbul etməyən bu insanlar vətənlərini azad etmək və onu yenidən müstəqilliyə qovuşdurmaq üçün yollar arayır, müttəfiqlər axtarır və mücadilə edirdilər. Bu haqda 2002-ci ildə nəşr edilmiş “Azərbaycan legionerləri” kitabımda geniş yazmışam. Arzu edənlər kitabxanalardan və internetdən əldə edib faydalana bilərlər.
Bir neçə il öncə Almaniyada olarkən həmin legionerlərin məzarlarının fotolarını çəkdim (bu işdə mənə kömək etmiş Almaniyada yaşayan dostlarım-İlham Həsənova və Mehdi Xəlilbəyliyə minnətdaram).
Bu insanlar sovet rejimindən narazı olduqlarından legioner həyatı yaşadılar. Lakin Azərbaycan sevgisini qəlblərində daşıdılar və o vətəni görmədən dünyadan köçdülər. Münhen yaxınlığındakı Nyu -Ulm şəhərindəki məzarıstanlıqda olan bu qəbirlərə baxanda bəlkə kiminsə qohumu tapılacaq? Belə olsa mənimlə əlaqə saxlayarsınız. Adları təqdim edirəm:
1) Əli Yarıoğlu (15.05.1915 -17.06.1996);
2) Məhəmməd Sadıq (mayor,15.01.1898 -20.02.1996);
3) Əşrəf Məhəmmədoğlu (Bakı,1.01.1920 - 29.01.1962).
Digəri isə Mayor Əbbdürrəhman Fətəlibəyli - Düdənginskidir. Onun qohumları ilə sıx əlaqələrim var. Düdəngəlilərlə də görüşlərimiz olub. Onun haqqında kitab yazıb çap etdirmişəm. Və bir sənədli filmin də çəkilişinə başlamışıq.