Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevi öldürməkdə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynov ifadə verib. C.Hüseynov bildirib ki, hadisədən xəbəri olmayıb və təqsirləndirilən şəxslərin mərhum jurnalist R.Əliyevlə mübahisə etmələrini bilməyib. O, məsələdən hadisə baş verəndən sonra xəbər tutduğunu deyib.
"Bibim oğlu Elşən mənə mesajla Rasim Əliyev adlı jurnalistin mənim haqqımda "Facebook"da status yazdığını bildirdi. Mən isə ona bildirdim ki, fikir vermə. Elşən isə mənə Rasimin onun anasına söydüyünü dedi. Bu söhbətdən sonra Rasimə zəng vuraraq onunla danışdım. Rasim də öz növbəsində məni başa düşdü və məndən üzr istədi".
Sabiq kapitan daha sonra baş verənlərdən xəbərsiz olduğunu bildirib. Onun sözlərinə görə, Elşəngilin Rasimlə görüşündən və jurnalistin döyülməsindən xəbəri olmayıb.
«Mənim əvvəlcə Rasimin döyülməsindən xəbərim olmayıb. Bunu mənə həmin gün hadisədən sonra internetdə yayılmış məlumatlardan xəbər tutan menecerim Səbuhi deyib. Elə onunla da dərhal xəstəxanaya getmişik. Bilsəydim ki, orada Rasimə yaxşı baxmayacaqlar, həkim səhlənkarlığı olacaq, onu öz hesabıma başqa xəstəxanaya aparardım»Rasimin xəstəxanada olduğunu öyrəndikdən sonra onun yanına getdim. Bir gün sonra isə vəfat etdiyini eşitdim".
Futbolçu onu da deyib ki, Rasimin ölüm xəbərini işidəndə bibisi oğlu Elşənə zəng edib ki, gedib təslim olsun.
Proses fevralın 2-də davam edəcək.
Qeyd edək ki, reportyor Rasim Əliyev avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən R.Əliyev avqustun 9-da orada vəfat edib.
Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. E.İsmayılov, C.Məmmədov, A.Əliyev, K.Mədətov və S.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib.
“Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Dekabrın 22-də Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Modern.az