Modern.az

Nifrət...

Nifrət...

26 Yanvar 2016, 12:57

Dünyamız nifrətdən “partlayacaq” həddədir. Hamı bir-birindən narazıdır. Məsələnin mahiyyətini araşdırmadan bir-birlərini ittiham edirlər.  Bütün bunlar isə nifrətə “yaşıl işıq” yandırır.

Danışıb anlaşmadan hislərimizin əsirinə çevrilirik. Bir də baxırıq ki, bütün körpüləri yandırmışıq. Özümüzlə tək-tənha qalmışıq.

Yenə də dərs almırıq. Nifrəti içimizdən qovmuruq. Ona hər addımda şərait yaradır, yeni qapılar açırıq. Bütün həyatımızı nifrət üstündə qururuq.

Kasıb, varlıya nifrət edir. Varlının da kasıba nifrət etməsi üçün öz səbəbləri var.  

Ağılsız, ağıllıya nifrət edir. Ağıllını isə ağılsızın ağılsızlığı qıcıqlandırır.

Güclü, gücsüzə nifrət edir. Gücsüz də güclüyə güc gəlmək üçün yollar axtarır.

Ağdərili insan, qara dərili insana nifrət edir. Qara dərili də əlinə fürsət düşən kimi ağ dərilinin dərisinə saman yeridir.

Ömrünün böyük hissəsini yaşamış qoca, cavana nifrət edir. Cavan  isə qocanın  zəhlətökən  nəsihətlərindən bezib, ona ölüm arzulayır.


Beləliklə, insanlar arasında uçurum yaranır.

Bircə nifrət toxumları uşaqların qəlbində cücərə bilmir. Dinindən, irqindən asılı olmayaraq onlar safdırlar, kin nədir bilməzlər, tər-təmiz, gözəl, qüsursuz  dünyaları var. Balaca ürəklərində nifrət adlı məhfumdan əsər belə  yoxdur. Onların dünyaya baxışları, bir-birinə düşmənçilik bəsləyən böyüklərin baxışlarından daha yetişkindir.  Burdan dalaşıb, ordan barışarlar. Sevimli oyuncaqlarını, bir tikə çörəklərini belə təmənna güdmədən bölüşərlər.

Bir sözlə, uşaq dünyası şəhanədir...

Nə yazıq ki, zaman böyüdür. Bugünün körpəsi sabahın gəncinə, qocasına, ahılına çevrilir. Böyüdükcə də böyüklərdən ibrət götürür və hər şey sıfırdan başlayır. Kasıb  varlıya, ağılsız ağıllıya, gücsüz güclüyə, ağdərili qaradəriliyə, qoca cavana nifrət edir. Uşaqlığındakı saflığından əsər-əlamət qalmır...

Kimsə nifrətin yerini sevgiyə vermək istəmir. Sanki, Tanrı onları sevgi ilə yaratmadı, yaratdığına “əhsən!” demədi. Bu həqiqət minilliklərdir bəllidir. Musa da, İsa da, Muhamməd də onlara, Tanrının dili ilə, “sevin!” dedi. Yenə də sevmədilər. Çünki, nifrətləri sevgidən üstün oldu. Nifrəti seçdilər, sevgini dünyalarına yaxın buraxmadılar. Əvəzində isə çox şey itirdilər...

Sevgisizlik dünyanı qarışdırdı. Bu dünyanı sevgidən məhrum edən  insan, özü öz əli ilə yaratdığı sevgisiz dünyaya nifrət edir artıq.

Sevgisiz dünya, elə nifrətə layiqdir...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir