“Son bir ayda dəfələrlə avtobuslarımıza bir qrup şəxs tərəfindən daş atılması yekunda həm dövlət əmlakına ziyan vurulması, həm də sərnişinə bədən xəsarəti yetirilməsi ilə nəticələnib”.
Bu barədə Modern.az-a “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. O qeyd edib ki, 23 yanvar tarixində "Baku Bus"a məxsus 3 ədəd 14 saylı avtobus içərisində sərnişinlərlə birlikdə 17:00-17:20 radələrində Süleyman Rüstəm küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində daşa basılıb.
“Zərərçəkən var. Araşdırma getdiyindən hadisəni törədənlər barədə məlumat verə bilməsək də, məsələnin mahiyyəti ilə əlaqədar sizi məlumatlandırmaq istədik. İçərisi sərnişin dolu avtobusun daşa basılması səbəbinin sırf "zarafat" olduğunu güman etsək, cəzalandırılmayan zarafatların nəticədə vətəndaşa xidmət edən əmlaka ziyan vurması (avtobuslarımızın hissələrinin kifayət qədər bahalı olduqlarını nəzərə alaraq), sərnişinin bədən xəsarətləri alması ilə yekunlaşdığını düşündükcə bu cür neqativ hallara ətrafdakı vətəndaşlar tərəfindən də müdaxilə edilməsini xahiş edirik. İçərisi sərnişin dolu avtobusun şüşələrini daş-qalaq etməklə, sərnişinlərə bədən xəsarəti yetirmək məqsədi güdənlərin hansı məzhəbə qulluq etdiyini düşünmək belə, ağrılıdır. İslah olunmaq üçün cəzanı həbsxana barmaqlıqları arxasında keçirməmək üçün davranışlarına ölçü qoyunsunlar.
“BakuBus” olaraq xəbərdarlıq etməyi borc bilirik ki, sərnişin təhlükəsizliyi bizim üçün prioritet olduğundan avtobuslarımızda törədilən hər qanuna zidd hərəkətə, şiddətə görə birbaşa məsuliyyət daşıyırlar və törədilən əməl də qanun çərçivəsində sona qədər araşdırılaraq cəzalandırılacaq”,-deyə mətbuat xidmətinin rəhbəri vurğulayıb.
Aytən ZƏHRA