Modern.az

İstilik idarəsi ilə qaz idarəsi arasındakı problem binəqədililərin başında çatlayır

İstilik idarəsi ilə qaz idarəsi arasındakı problem binəqədililərin başında çatlayır

26 Yanvar 2016, 15:55


7-ci mikrorayon Abay Kunanbayev küçəsinin sakinləri qışın bu vaxtında istilik sisteminin verilməməsindən şikayətçidirlər. Bu haqda Modern.az saytına məlumat verən sakin İlham Məmmədov bildirib ki, qış girəndən istilik üzünə həsrət qalıblar:

“Mənzillərə gələn istilik 341 saylı qazanxanadan verilir. İki il əvvəl qazanxana yeniləndi, evlərə yaxşı da istilik verilirdi. Amma bu il qış düşəndən demək olar ki, istilik verilmir. Verilsə belə, evlər o istiliklə isinmir”.

Dəfələrlə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etdiyini deyən sakinlərə müsbət cavab verən olmayıb. İcra Hakimiyyəti “Azəriqaz”ı qazanxanalara qaz verməməkdə günahlandırıb:

“Dəfələrlə zəng vurmuşuq, müraciət etmişik, amma bizi sayan, şikayətimizə qulaq asan yoxdur. Hamısı bir-birinin üstünə atır. İstilik idarəsi ilə qaz idarəsi arasında nə problem varsa, çanaq camaatın başında çatlayır. Bu səhər də əlaqə saxlamışıq. Bizi soyuqdan qırırlar”.

 “Azəristiliktəchizat”ın Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev Modern.az saytına məsələdən xəbərdar olduqlarını bildirib. O, problemi qaz təchizatında yaranan fasilələrlə əlaqələndirib:

“Ərazidəki qazanxana müasir tiplidir, həmçinin binalara verilən xətt yenidir, aşağı paylama istilik sistemi də normal vəziyyətdədir. Yəni, “Azəristilik” tərəfindən hər hansı problem yoxdur.

Sadəcə “Azəriqaz” tərəfindən qazın verilişində müəyyən problem var, tez-tez təzyiq aşağı düşür. İstənilən vaxt hansı qazanxanada ki təzyiq düşür, biz “Azəriqaz”a müraciət edirik. Onlar da tədbirlər görüb təzyiqi artırırlar. Konkret sözügedən ərazi üçün də söz veriblər ki, problem birdəfəlik həll olunacaq”.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir