ANS Şirkətlər qrupunun prezidenti Vahid Mustafayevin 20 Yanvar hadisələrindən bəhs edən “Qanlı yanvar” filmi ilə bağlı mediada, sosial şəbəkələrdə gedən ictimai müzakirələrdə filmdə yer alan bəzi səhnələr birmənalı qarşılanmayıb.
Xüsusilə “Qanlı yanvar” filmində 20 yanvar hadisələri zamanı Sovet qoşunlarının qarşısına əliyalın çıxmış insanların ekran əsərində silahlı müqavimət göstərənlər kimi nümayiş etdirilməsi etirazlar doğurub.
“20 Yanvar" Cəmiyyətinin sədri, hadisələrin canlı şahidi Soltan Əzimov Modern.az-a açıqlamasında “Qanlı yanvar” filmindəki həmin nöqsanlı məqamlara münasibət bildirib:
“Ümumiyyətlə o filmdə olan müəyyən səhnələr bizim milli mentalitetimizə uyğun deyil. Həm də filmdə 20 Yanvarla bağlı bəzi tarixi məqamlar təhrif olunub. 1988-ci ildən başlayaraq, azadlıq hərəkatının içərisində, meydan hərəkatının mərkəzində olan bir insan kimi deyə bilərəm ki, orada insanlara müqavimət göstərmək üçün silahlar paylanmayıb, heç bir yeyib-içmək, keflənmək halları olmayıb. O filmdə yer alan kadrların reallıqla heç bir əlaqəsi yoxdur. Hətta filmdə millətin, xalqın özü təhqirə məruz qalıb. O zaman nəşəxor , avara oğlanın, yaxud əxlaqsız, tərbiyəsiz qızın hərəkatçılar arasında nə işi vardı? O meydana çıxanlar millətin qeyrətli qızları və mərd oğulları idilər. Onlar da yalnız müstəqillik tələb edirdilər”.
Soltan Əzimov hesab edir ki, Vahid Mustafayev bu filmi çəkməklə xalqın azadlıq mübarizəsini ləkələyib: “Bu filmi çəkməklə Vahid Mustafayev xalqın azadlıq mübarizəsinə ləkələdi. 20 Yanvar şəhidlərinin ailələri və yaxınları da filmdə şəhidlərə, azadlıq carçılarına yaraşmayan epizodlara etirazlarını bildiriblər. Sadəcə olaraq, ANS televiziyası bizim əlimizdə deyil ki, bu filmin yayımını dayandıraq. Vahid xalqın adına yaraşmayan film çəkib”.
Ağa AKİFOĞLU