Modern.az

Adil Əliyevdən ETİRAZ: “Hər kəs özünə və ailəsinə cavabdehdir”

Adil Əliyevdən ETİRAZ: “Hər kəs özünə və ailəsinə cavabdehdir”

27 Yanvar 2016, 17:57

“Cinayət varsa cəzası da olmalıdır. Uzaq qohumumuz olan İsa Əzizovun və dostlarının yanacaqdoldurma məntəqələrindən birində zorakılıq halına yol verdiyi bildirilir. Biz uzaq qohum olaraq bu şəxsin əməllərinə cavabdeh deyilik. Onun ailəsinin böyüyü həmin şəxsi tənbeh etməlidir”.

Modern.az xəbər verir ki, bunu deputat Adil Əliyev bildirib.   Onun sözlərinə görə, təəssüf ki, bəzi saytlar məsələnin mahiyyətini kənara qoyaraq İsa Əzizovun onlarla qohumluq əlaqələrini ön plana çəkirlər.  

“İsa Əzizovun hərəkətində qanunsuzluq təsbit olunarsa, o da hamı kimi qanun qarşısında cavab verəcək. Bunun başqa alternativi yoxdur. Bəzi saytlarda yazıblar ki, guya adı çəkilən şəxs Kikboksinq Federasiyasının üzvüdür. Bu da kökündən yanlış xəbərdir, İsa Əzizovun yaxından, uzaqdan federasiyamıza aiddiyyatı yoxdur, yarışlarımızda iştirak etməyib. Onun hansı idman növü ilə məşğul olması haqqında da məlumatım yoxdur.

Bir də ki, Kikboksinq Fefderasiyasının rəhbəri olaraq daima idmançılarımıza onu aşılayıram ki, rinqdən kənarda heç kimə qarşı güc nümayiş etdirmək olmaz, əks halda qanun qarşısında cavab verəcəksiniz.  

Sağ olsunlar federasiyamızın idmançıları, heç zaman üzümüzü qara etməyiblər, qazandıqları ancaq medallardır ki, bayrağımızı ucaldırlar. Hər gün ölkədə nə qədər cinayət hadisəsi baş verir.

Bu kimi cinayətlər də onlarından biridir. Hər kəs özünə və ailə üzvlərinin hərəkətlərinə cavabdehlik daşıyır.   Mən düşünürəm ki, ictimaiyyət də bu fikrimlə razılaşar. Biz ailəliklə dövlətimizə bağlı qanunsevər insanlarıq, Bu həmişə belə olub və bundan sonra da belə olacaq. Buna kimsənin zərrə qədər də şübhəsi olmasın.

Sonda fikirlərimi bu sözlərlə bitirmək istəyirəm: Əllərində balta tutub gözləyən bəzi həmvətənlilərim öz pisliklərindən qalmırlarsa, biz niyə öz yaxşılıqlarımızdan qalmalıyıq”.  

Qeyd edək ki, mətbuatda İsa Əzizovun Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevin qardaşı oğlu olması ilə bağlı məlumatlar yayılıb.  

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov  bildirib ki, Bakının Tbilisi prospektində "Azpetrol" yanacaqdoldurma məntəqəsindəki dava salan şəxslər saxlanılıb:  

"Yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb.

Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər. Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanıblar".  

Modern.az  

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir