Modern.az

Komitə sədri IV Qlobal Bakı Forumuna dair müzakirələrə qatılıb

 Komitə sədri IV Qlobal Bakı Forumuna dair müzakirələrə qatılıb

27 Yanvar 2016, 20:01

 

Bu gün  Romada “Dinlərarası dialoq vasitəsilə radikallaşma və ekstremizmə cavab” mövzusuna həsr olunan IV Qlobal Bakı ForumunaYüksək Səviyyəli Hazırlıq Görüşü öz işinə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az saytına verilən məlumata görə, İtaliyanın Beynəlxalq Təşkilatlar üzrə Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə İtaliya Senatında baş tutan tədbirdə dünyanın bır sıra nüfuzlu liderləri iştirak edir.

Tədbirdə iştirak edənlər sırasında Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev, Makedoniya Respublikasının Prezidenti Giorge İvanov, İtaliya Senatının Prezidenti Pietro Qrasso, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Sərageldin, Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa, İSESKO-nun Baş direktoru Əbdüləziz Əl-Tuveyrci, Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musa, İtaliyanın sabiq Xarici İşlər Naziri Franko Frattini yer alır. İtaliya, Polşa, Xorvatiya, Andorra, Latviya,Ukrayna, Rumıniya, Moldova, Albaniya, Serbiya və Bolqarıstanın sabiq prezidentləri də toplantıya qatılıb. Diasporla İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimov da görüşdə iştirak edir. Dünya liderləri panel iclaslarda dinlərarası dialoq yolu ilə radikallaşmaya və ekstremizmə  qarşı yeni və effektiv həll yollarının tapılması ilə bağlı fikir və  tövsiyələrini səsləndiriblər. NGBM-nin həmsədri, İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Səragəldinin bildirib ki, müvəffəqiyyətin meyarı sayılan bütün sərvətlər və maddi rifahın olduğu dünyada mənəviyyat daha əhəmiyyətlidir.

“Min illər boyunca müqəddəs taxt və qlobal mənəvi mərkəz, əsrlər boyunca güclü sülh carçısı rolunu oynayan əbədi şəhər Roma dinlərarası dialoqun sülhün əldə olunmasında rolu məsələsinin müzakirəsi üçün mükəmməl yerdir. Yer üzündə sülhün əldə olunması kimi önəmli bir cəhddə İtaliya ön planda olmalıdır” - deyə İtaliyanın sabiq Xarici İşlər naziri Franko Frattini öz çıxışında söyləyib. 

Xanım Vayra-Vike Frayberqa vurğulayıb ki, bəşəriyyətin mütləqiyyət axtarışında hər bir dinin özünəməxsus rolu vardır. Ukraynanın  sabiq Prezidenti Yuşenko isə  qeyd edib ki, Ukrayna illər boyu müxtəlif din və etiqadların sülh şəraitində birgə mövcudluğunun bariz nümunəsi olub. Ərəb Dövlətləri Liqasının (ƏDL) sabiq Baş katibi Əmr Musa isə  dünyada sülh şəraritinin yaradılması üçün birgə addımlar atılmasının zəruri olduğunu diqqətə çatdırıb. İSESKO-nun Baş katibi Əbdüləziz Əl Tüveycri isə öz növbəsində, anlaşılmazlıqların qarşısını almaq üçün dialoqlara üz tutmağın vacibliyini vurğulayıb.

Qeyd edək ki, IV Qlobal Bakı Forumuna hazırlıq məqsədi ilə keçirilən bu tədbir yanvarın 28-ə qədər davam edəcək. Tədbir çərçivəsində yanvarın 27-də İtaliya Prezidenti Sergio Mattarella, yanvarın 28-də isə İtaliyanın Xarici İşlər Naziri Paolo Gentiloni NGBM üzvlərini qəbul edəcək.Görüşlər zamanı etnik və digər zəmində baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya  və digər sahələrdə mövcud problemlər də daxil olmaqla bir sıra qlobal məsələlərin müzakirəsi nəzərdə tutulur.    

Modern.az

     
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir