Modern.az

İdmançılar tərəfindən döyülən mühafizəçi mətbuata danışıb

 İdmançılar tərəfindən döyülən mühafizəçi mətbuata danışıb

27 Yanvar 2016, 21:21

 

Ötən gün Bakının Tiflis prospektində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsində idmançıların mühafizəçini döyməsi günün müzakirə mövzusuna çevrilib. Hadisənin geniş ajiotaj yaratmasına səbəb dava salan idmançılardan birinin general qohumu olmasıdır. Modern.az saytı xəbər verir ki, bir qrup idmançı tərəfindən yanvarın 26-da gecə iş yerində döyülən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin mühafizəçisi Sadiq Bağırov başına gələnləri azvizision.az saytına danışıb.

“Gecə saatlarında “Bentley” markalı maşın yanacaqdoldurma məntəqəsinə daxil oldu. Sürücü pəncərəni açaraq 100 manatlıq benzin sifariş verdi. Əməkdaşımız onun xahişini yerinə yetirsə də, həmin şəxslər ödəniş etməkdən boyun qaçırdılar. Mən onlara yaxınlaşıb, nə baş verdiyini soruşdum. Onlardan sayğacda göstərilən məbləği ödəməyi xahiş etdim. Bu, onların xoşuna gəlmədi. Maşından düşən oğlanlar mənə hücum etməyə başladılar. POS-terminalı götürüb başıma vurdular. Niyə belə elədiklərini soruşsam da, əl çəkmirdilər. Hamı üstümə tökülüb məni döyürdü. Özümü müdafiə edə bilmədim. Onlar çox idi, mən tək” -, deyə Sadiq Bağırov danışıb.

Mühafizəçi deyir ki, işçilər ona hücum edənləri ayırmağa çalışıb, ancaq bu zaman “Bentley”dən düşən idmançı əlindəki silahla YDM-in işçilərini hədələməyə başlayıb: “Onlar içkili idilər. Nə danışdıqlarını bilmirdilər. “Bentley”nin sürücüsü iddia edirdi ki, guya bizə yüz manat verib. Sürücü qışqırırdı ki, “siz kimsiniz bizi gözlətdirirsiniz. Hamınızı güllələyərəm, Bakıda heç kim qabağımda dura bilməz. Sizi pulla basdıraram”. Onları sakitləşdirməyə çalışırdım. Aramızda mübahisə düşəndən bir neçə dəqiqə sonra “Prado” markalı maşın gəldi. Maşından düşən idmançılar da mənə hücum etdi. Təkləmişdilər məni. “Prado”nun sürücüsü işçilərimizi hədələyib, deyirdi ki, onun atası imkanlı adamdı, sizi məhv edərlər. Heç bir səbəb olmadan məni döydülər. Qapalı kəllə beyin travması almışam. Hazırda müalicələrimi ev şəraitində davam etdirirəm”.  

Zərərçəkənin dediyinə görə, “Bentley”də 4 nəfər olub. Onlardan ikisi qız imiş. Və qızlar da içkili olublar.

“Həmin şəxslər otaqda məni döyəndə qızlar maşından düşüb söyüş söyürdülər. Nəzarət otağını alt-üst etmişdilər. Mən əziyyətlə çörək pulu qazanıram, onlar harınlamış insanlardır. Onlar kiməsə arxalansalar da, mən dövlətimə, polisə arxalanıram. Heç kim qanundan qaça bilməz” - deyə S.Bağırov deyib.

Sadiq Bağırov deyib ki, ixtisasca jurnalistdir. Xəzər Universitetinin jurnalistika fakültəsini bitirib. İxtisasına uyğun iş tapa bilmədiyi üçün "Azpetrol"da mühafizəçi işləyir.

Modern.az  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir