Modern.az

İcra başçısı sakinləri ictimai nəzarətə çağırdı

İcra başçısı sakinləri ictimai nəzarətə çağırdı

28 Yanvar 2016, 13:31

Füzuli rayonunda əhaliyə göstərilən tibb xidmətinin daha da yaxşılaşdırılması, həkim-xəstə münasibətlərində şəffaflığın təmin olunması, imtiyazlı xəstələrin pulsuz dərman preparatları ilə təminatına nəzarətin daha da gücləndirilməsi məqsədilə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev məcburi köçkünlərin məskunlaşdıqları İkinci Zobucuq qəsəbəsindəki poliklinikaya və Böyük Bəhmənli kəndindəki Tibb Mərkəzinə baş çəkib. İcra başçısı insanlara göstərilən tibbi xidmətin səviyyəsi ilə maraqlanıb, əhali ilə söhbət edib.

Alı Alıyev Prezident İlham Əliyevin insana qayğı, əhalinin səhiyyə, sağlamlıq məsələlərini daim diqqət mərkəzində saxlanılması barədə tapşırıq və göstərişlərini xatırladıb.
İcra başçısı deyib ki, rayonun bütün yaşayış məntəqələrində tibb ocaqları, həkim məntəqələri fəaliyyət göstərir. Füzulidə özəl tibb müəssisəsi olmadığı üçün burada əhaliyə göstərilən xidmətlər də pulsuzdur.

Görüşdə Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Soltan Əliyev, Füzuli Tibb Mərkəzinin baş həkimi Cümşüd Məmmədov əhaliyə göstərilən tibb xidmətinin vəziyyəti barədə məlumat veriblər.

Rayon sakinləri və xəstəxanada müayinə olunan məcburi köçkünlər onlara göstərilən tibbi xidmətin səviyyəsindən razılıqlarını bildiriblər. Göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

Hər iki səhiyyə ocağında tibbi müayinədən keçən rayon sakinləri ilə söhbət edən Alı Alıyev ölkə başçısının qarşıya çıxan nöqsanların, neqativ halların aradan qaldırılmasında ictimai nəzarətə böyük əhəmiyyət verdiyini xatırladıb. Qeyd edib ki, tibb məntəqələrində, ayrı-ayrı idarə-müəssisələrdə insanların incidilməsi halları baş verərsə, ictimai nəzarət qaydasında rayon İcra Hakimiyyətinə və aidiyyəti orqanlara məlumat versinlər. 

İcra başçısı görüşlərinin sonunda bir daha tibb işçilərinə həkim-xəstə münasibətlərində şəffaflığın təmin edilməsi, imtiyazlı xəstələrə dərman pereparatlarının vaxtında verilməsini tapşırıb.










Modern.az
      

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir