Modern.az

Nazir büdcədən DANIŞDI: "Biz bu kəsirin örtülməsi imkanlarını tapmalıyıq"

Nazir büdcədən DANIŞDI: "Biz bu kəsirin örtülməsi imkanlarını tapmalıyıq"

28 Yanvar 2016, 16:48


Dünya bazarında neftin qiyməti 1 barelə görə 25 dollar səviyyəsindən aşağı düşməyəcək, əksinə, bu ilin ikinci yarısında qiymət arta bilər. Modern.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov yanvarın 28-də keçirdiyimətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının 2016-cı il üzrə yenilənmiş büdcəsində neftin qiyməti 1 barelə görə 25 dollar səviyyəsində götürülüb: "Dünyada gedən prosesləri nəzərə alsaq, Azərbaycanın əsas gəlir mənbəyi olan neftin qiyməti azalmağa başladı, buna görə də biz qənaətə keçdik".

Nazir bildidib ki, dünyada  neftin qiyməti düşməkdə davam etdikcə, Azərbaycanın gəlirlərinə təsirsiz ötüşmür.

“Neftin  qiyməti 4 dəfə azalıb. Nəzərə alaq ki, büdcə hesablanarkən 1 barel 50 dollar hesablanıb. Buna baxmayaraq neftin qiyməti 2015-ci ilin 4-cü rübündə daha sürəltə enməyə başladı. Bu şəraitdə dövlət büdcəsinin gəlirlərini yaranmış yeni reallıqlara uyğunlaşdırmalıyıq. 2016-cı ilin yenilənmiş büdcəsində neftin 1 bareli 25 dollardan götürüləcək. Hesab edirik  ki, bu ən uyğun qiymətdir. Artıq neftin qiymətinin ən aşağı qiymətləri hesablanıb. Ola bilər ki, ilin 2-ci yarısından neftin qiyməti qalxsın”.

Nazir daha sonra qeyd edib: "Biz görülmüş tədbirlər nəticəsində Dövlət Neft Fondu üçün 2,2 milyard dollar qənaətə nail olduq. 2015-ci ilin nəticələri üzrə xəzinədə qalıq 1,4 milyard manat təşkil edib. Bu məbləği 2016-cı il dövlət büdcəsi proqnozlarına yenidən baxılmasında istifadə edirik".

S.Şərifovun sözlərinə görə, 2016-cı ilin yenidən baxılmış büdcəsində gəlir və xərclər hissəsi 2 milyard manat artırılıb. 

Nazirin sözlərinə görə, 2016-cı ilin təsdiq olunmuş büdcəsində büdcə gəlirləri 14,5 milyard manat nəzərdə tutulmuşdusa, dürüstləşmiş büdcədə gəlirlər 16,5 mlrd. manat səviyyəsində nəzərdə tutulub. S. Şərifov qeyd edib ki, gəlirlərə mütənasib olaraq xərclər də 2 milyard manat artırılıb. Başqa sözlə, 2016-cı ilin təsdiqlənmiş büdcədə xərclər 16,2 milyard manat nəzərdə tutulmuşdusa, dürüstləşmədən sonra xərclər 18,3 milyard manat planlaşdırılır:

"Dürüstləşmədən sonra 2016-cı ilin dövlət büdcəsində 1,7 milyard manatlıq kəsir yaranacağı gözlənilir. Biz bu kəsirin örtülməsi imkanlarını tapmalıyıq. 2015-ci ilin dövlət büdcəsinin icrası zamanı vahid xəzinə qalığı 1,4 milyard manat məbləğində olub. Bu vəsaiti bu ilin dövlət büdcəsi kəsirinin örtülməsinə yönəldirik. Eyni zamanda, bu ilin dövlət büdcəsinin kəsiri dövlət borc kağızları, özəlləşdirmədən mədaxil və xarici qrantlar hesabına örtüləcək".

S.Şərifov deyib ki, Maliyyə Naziriliyi bu ilin fevralından etibarən milli və xarici valyutada ifadə edilmiş istiqrazların yerləşdirilməsinə başlayacaq. Bu il istiqrazların buraxılması qismən indiki vəziyyətlə bağlıdır.
Onun sözlərinə görə, manatın devalvasiyası ilə əlaqədar olaraq demək olar ki, manata etibar azalıb: “Nəticədə manat kütləsi kəskin aşağı düşüb. Hazırda banklardan manat almaq çətindir, buna görə də banklarda əmanətlərin böyük hissəsi dollardadır. Manata etibarı bərpa etmək üçün istiqrazlar buraxmağı qərara aldıq. Biz bazara istiqrazları yüksək faiz dərəcələri ilə təqdim etməyə hazırıq”.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza