Modern.az

İcra başçısı sakinlərin problemlərini dinlədi

İcra başçısı sakinlərin problemlərini dinlədi

29 Yanvar 2016, 11:57

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev növbəti səyyar-qəbul görüşü rayonun ən böyük yaşayış məntəqəsi olan Böyük Bəhmənli kəndində keçirib. İcra Hakimiyyətindən verilən məlumata görə, görüşdə rayonun idarə, müəssisə, təşkilatları, hüquq mühafizə orqanlarının rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.

Səyyar qəbul-görüşdə çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirib. Qeyd edib ki, Böyük Bəhmənli kəndinin işıq, su, qaz yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər.  Kənddə iki məktəb, uşaq bağçası, xəstəxana, kitabxana, poçt məntəqəsi, mədəniyyət evi fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.

Görüşdə kənd sakinlərinin problemləri dinlənilib, onları narahat edən məsələlər vətəndaşlarla birgə müzakirə olunub, mövcud nöqsan və çatışmazlıqlar həll olunub. Sakinlər tərəfindən kəndə əlavə transformatorun qoyulması, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının təyin olunması, işsiz gənclər üçün yeni iş yerlərinin yaradılması, kəndarası yollara çınqıl tökülməsi, şor və dren kanallarının təmizlənməsi, məktəblərin qızdırılması, aztəminatlı ailələrin tibbi müayinəsinin təşkili kimi məsələlər artıq öz müsbət həllini tapıb. Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin göstərişi ilə Böyük Bəhmənli kəndinə 2 ədəd 250 kva-lıq transformator qoyulub, 100-ə yaxın aztəminatlı ailəyə ünvanlı dövlət sosial yardımının verilməsi üçün sənədləri qəbul olunub, 26 nəfərə ÜDSY-nin verilməsi təmin edilib. Kəntdə işsiz olan 12 nəfər gənc müvafiq işlə təmin olunub, kənd və məhəllələrarası yollara çınqıl tökülüb, rayon Suvarma Sistemləri İdarəsi və Melioservis İdarəsi tərəfindən şor və dren kanallar təmizlənib. Kəndə fəaliyyət göstərən hər iki məktəbin qızdırılması təmin olunub, 250-ə yaxın ailə isə ərazidəki tibb məntəqələrində pulsduz tibbi müayinədən keçirilib.  

Kənd sakinləri dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunduqlarını, fasiləsiz qaz, işıq, su və digər  sosial problərinin həll olunduğunu bildiriblər. Onlara göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Görüşün sonunda Alı Alıyev ölkə başçısı İlham Əliyevin qarşıya çıxan nöqsanların, neqativ halların qarşısının alınmasında ictimai nəzarətə böyük əhəmiyyət verdiyini, dəfələrlə bu məsələyə münasibət bildirdiyini vurğulayıb. Qeyd edib ki, kənd sakinləri qarşılaşdıqları neqativ hallar, onları narahat edən məsələlər barədə ictimai nəzarət qaydasında rayon İcra Hakimiyyətinə və aidiyyəti orqanlara məlumat versinlər. 






Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza