Bu gün Odlar Yurdu Universitetinin 2003-cü ildən fəaliyyət göstərən elektron kitabxanasının yeni modelinin-elektron kitabxana portalının tələbə və müəllim heyətinin istifadəsinə verilməsinin təqdimat mərasimi keçirilib. Modern.az xəbər verir ki, təqdimat mərasimində OYU-nun professor-müəllim heyəti, tələbə kontingenti və digər qonaqlar iştirak edirdi.
İştirakçılar öncə universitetimizin foyesində ucaldılmış Ümummilli Liderimiz Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzdükdən sonra kitabxanada toplandılar. Tədbiri giriş sözü ilə OYU-nun rektoru professor Əhməd Vəliyev açıq elan edərək, elektron kitabxana haqqında geniş məruzə ilə çıxış etdikdən sonra videoçarx nümayiş etdirildi. Daha sonra tədbirdə iştirak edən qonaqlardan təhsil ekspertləri Etibar Əliyev və Nadir İsrafilov elektron kitabxana haqqında öz fikirlərini iştirakçılarla bölüşdülər. Qeyd edək ki, Dahi liderimiz Heydər Əliyevin xeyir duası ilə təməli qoyulmuş Odlar Yurdu Universiteti 1995-ci ildən fəaliyyət göstərir.Yarandığı gündən bəri , Odlar Yurdu Universiteti müasir texnologiyaları və beynəlxalq standartları öz işində tətbiq edərək qlobal təhsil sisteminə inteqrasiya edir.
Universitetimiz Avrasiya və ABŞ-ın aparıcı universitetləri ilə geniş əməkdaşlıq əlaqələri qurmuşdur.Bu da universitetin tələbə və müəllimlərinə öz işlərinin səmərəliliyini artırmaq üçün imkanlar yaradır.
Universitetimizin başlıca məqsədi Azərbaycan cəmiyyətində və dünya mühitində rəqabət apara bilən yüksək bilikli və bacarıqlı, professional, milli və mənəvi dəyərlərimizə sadiq olan mütəxəssis və liderlərin hazırlanmasıdır.
Azərbaycanın ən zəngn elmi ali məktəb kitabxanalarından olan Odlar Yurdu Universitetinin kitabxanası 1995-cı ildə yaradılıb.Kitabxana 300 nəfərlik oxu zalından və geniş fonddan ibarətdir.Kitabxana öz fondunu daim genişləndirdiyindən, Universitetin bütün tədris bölmələri müvafiq ədəbiyyatlarla təchiz edilir və oxucularını istənilən elm sahəsində kitablarla təmin edir.
Kitabxanamızın oxu zalında Heydər Əliyev irsinin tədqiqat mərkəzi yaradılıb.
Oxucularımız öz siyasi biliklərini artırmaq üçun bu mərkəzdən istifədə edirlər.Bu da oxucu kütləsinin daha da artmasına xidmət edir. Kitabxanamızda “Nadir kitab fondu” var. Bu fondda nadir nüsxə kitablar vardır ki, bunlardan yalnız oxu zalında istifadə edilir.
Ali məktəb kitabxanaları arasında ilk dəfə olaraq 2003-cü ildə OYU-da elektron kitabxana yaradılmış və tələbələrimizin istifadəsinə verilmişdir.
Elektron kitabxanada Respublikamızın Prezidenti İlham Əliyevin xarici siyasət fəaliyyəti elektron nəşrdə verilmişdir. Burada prezidentimizin xarici siyasət fəaliyyətinin xronikası-xarici siyasətə dair nitqlər, çıxışlar, bəyanatlar, müsahibələr, xarici siyasətlə bağlı qanun,fərman və sərəncamların xronikası, xarici ölkələrə səfərlərin fotoxronikası öz əksini tapmışdır.
Tələbələrimiz həmçinin Heydər Əliyev fondunun kitabxanasına daxil olmaqla burada yerləşdirilmiş kitabların elektron variantını oxuya bilərlər.
Portalın informasiya resursları isə aşağıdakı rubrikalar əsasında oxuculara təqdim olunur: Burada kitabxana haqqında, işçilər haqqında və kitabxanadan istifadə qaydaları yerləşdirilib. Elektron kitablar rubrikasında bütün bölmələr üzrə azərbaycan,rus və ingilis dilində kitablar yerləşdirilmişdir ki, tələbərimiz istənilən bölməyə daxil olmaqla kitabları oxuya bilər.
Elektron jurnallar rubrikasında elmi jurnallar və Odlar Yurdu Universitetinin elmi pedaqoji xəbərləri jurnalı öz əksini tapmışdır. Dissertasiyalar və avtoreferatlar rubrikasında tələbələr elekton formada istənilən mövzunu yazmaqla seçim apara bilər.
Elektron xidmətlər rubrikasında elektron kataloq və On-line biblioqrafiq sorğu yerləşdirilmişdir.Burada tələbə biblioqrafik axtarış aparır, kitabxanaçı ilə istənilən zaman biblioqrafik sorğu xidməti vasitəsilə əlaqə saxlaya bilər.
Dünya kitabxanaları rubrikasında Azərbaycan,Rusiya Türkiyə və Dünya milli kitabxanalarına daxil olmaqla orada yerləşdirilən elektron kitabları oxumaq olar.
Qanunvericilik rubrikasında Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan qanunvericilik bazası yerləşdirilib.
Elektron kütləvi informasiya vasitələri rubrikasında Azərbaycan və Rusiyada nəşr olunan qəzetləri oxumaq, Azərbaycanın əsas xəbər portallarına daxil olub məlumatları əldə etmək mümkündür. Elektron portalda tələbələrin adı, soyadı və E-mail ünvanı yerləşdirilibdir ki, buda kitabxanaçıya tələbənin portaldan nə qədər və nə vaxt istifadə etdiyinə nəzərət imkanı verir.
Tədbirin sonunda təhsil ekspertləri Etibar Əliyev və Nadir İsrafilov Odlar Yurdu Universitetində hazırda keçirilən semestr imtahanlarının gedişatı ilə tanış oldular.