“Ölkə başçısının regionlarla bağlı dövlət proqramlarının icrasına həsr olunmuş iclasında, eləcə də, iqtisadi blokla keçirdiyi müşavirədə çox dəyərli və əhəmiyyətli fikirlər, çağırışlar səslənib. Orada bir daha ölkədə iqtisadi islahatların sürətləndirilməsi məsələsi önə çəkildi”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.Deputat xatırladıb ki, insanların problemlərinin həlli, məmur məsuliyyətinin artırılması ilə bağlı dövlət başçısı keçirdiyi son müşavirədə çox qiymətli fikirlər səsləndirib.
"Bir daha deyirəm, onları insanlara çatdırmaq üçün daha çox yerlərdə olmaq lazımdır. Çünki bu gün açıq etiraf edək ki, qəzet oxuyan azdır. Bu baxımdan, onları daha ətraflı məlumatlandırmaq lazımdır ki, sonradan hansısa narahatlıq yaradan hallar baş verməsin. Bildiyiniz kimi, büdcənin yenidən dolğunlaşdırılması üçün kreditlərin cəlb edilməsi gözlənilir.
Hətta bununla bağlı Dünya Bankının əməkdaşları ilə danışıqlar aparılır. Hesab edirəm ki, bunlar hamısı Azərbaycan dövlətinin və dövlət başçısının insanları, Azərbaycan xalqını düşünməsindən irəli gəlir.
Odur ki, biz də öz fəaliyyətimizlə buna dəstək olmalıyıq, iqtisadi islahatların sürətləndirilməsi yönündə hansı qanunlar və ya dəyişikliklər lazımdırsa, onları etməliyik”.
Onun sözlərinə görə, dünyada yaşanan qlobal maliyyə-iqtisadi böhranı Azərbaycana da müəyyən təsirlər göstərir:
"Bu təsirlərin qarşısının alınması, dövlət başçısının səsləndirdiyi fikirlərin əhaliyə düzgün çatdırılması, prezidentin islahatların gücləndirilməsi ilə bağlı tapşırıqlarının vaxtında icra olunması vacibdir. Biz daha çox yerlərdə olmalı, insanlarla, seçicilərlə daha tez-tez görüşlər keçirməli, onları dinləməli, dövlətin siyasətini, dövlət başçısının çağırışlarını onlara dolğun və ətraflı izah etməliyik.
Çünki insanlar bəzən fikirləşirlər ki, məsələn, həyətinin qapısı əyilibsə, onu gəlib hökumət, icra hakimiyyəti, bələdiyyələr düzəltməlidir. Hər şeyin həllini onlardan gözləmək olmaz. Məsəl var, səndən hərəkət, məndən bərəkət. İnsanlarda nəsə fəallıq az hiss olunur, onların özləri də problemlərin həllində fəallıq göstərməlidirlər”.
Ağa AKİFOĞLU