Modern.az saytı hər zaman özəl layihələrlə cəmiyyətin diqqətini cəlb etməyi bacarıb. Bir az yekə çıxmasın, milli, mənəvi, vətənpərvərlik, Qarabağ və s. kimi məsələlərlə bağlı layihələrimizlə hətta hər zaman həmkarlarımızı da yaxşı mənada heyrətləndirə bilmişik.
İllərdir bu layihələrlə müxtəlif peşə sahiblərinin işlərini, qarşılaşdıqları problemləri, uğurları önə çıxarmışıq. Hər zamanda da bu projelərimiz cəmiyyət tərəfindən müsbət qarşılanan və ən çox oxunanlar siyahısında olub. Görünür bəlkə də məhz bunun nəticəsidir ki, kimlərsə bizim uğurlarımızdan “tər” tökmədən bəhrələnmək istəyir...
Artıq iki ilə yaxındır ki, Modern.az-ın “Ucqar kənd müəllimləri” layihəsi start götürüb. Məqsəd ölkəmizin ucqar kəndlərində çalışan gənc müəllimləri təbliğ etməkdir. Şəhər mühitinə alışmış gənc pedaqoqların kənddə hansı şəraitdə yaşadıqları, o şəraitə necə uyğunlaşdıqları, çətinlikləri, problemləri bu layihə çərçivəsində ictimaiyyətə təqdim olunur.
Bu layihə çərçivəsində indiyə kimi ucqar kənddə işləyən onlarla müəllimdən müsahibələr götürülüb, onların problemləri, arzu və istəkləri, pedaqoji fəaliyyətləri, təhsildəki çatışmazlıqlar mətbuat səhifələrinə gətirilib.
Gədəbəy, Astara, Lənkəran, Qazax, Qəbələ, Tovuz, Quba, Qusar və s. rayonların ən ucqar kəndlərində işləyən müəllimlər bizimlə həmsöhbət olublar. Bu layihə Təhsil Nazirliyinin hər zaman diqqətini çəkib. Onu demirik ki, buna görə nazirin xüsusi təşəkkürü bizə çatdırılıb. Amma bu qədər müddətdə çəkdiyimiz zəhməti başqaları bir göz qırpımında mənimsəməyə çalışır.
İndi kimlərsə layihəni öz adlarına çıxırlar. Belə ki, Prezident yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsinə təqdim edilən və C katrqoriyası (fiziki şəxslərin layihələri) üzrə qalib olan layihələr içərəsində “Ucqar kəndin gənc müəllimi” layihəsi də var. Hansı ki, bu layihə ilk olaraq Modern.az-da yayımlanıb. Bu məhz o layihədir ki, Qalib Kazımlı adlı şəxs bizdən oğurlayıb, öz adına “uğur” qazanmaq istəyir. Necə deyərlər OĞURLUQ HESABINA UĞUR...
Məsələ ilə bağlı Gənclər Fondu ilə əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmadı. Fondun ünvanında olan telefon nömrələrinin heç biri cavab vermədi. Belə olan təqdirdə təbii ki, icraçı direktor Fərhad Hacıyevlə əlaqə saxlamaq cəhdlərimiz alınmayacaqdı və alınmadı da.
Görünür Fond hansısa layihə üçün vəsait ayıranda hər hansı araşdırma aparmadan, ağına-bozuna baxmadan pul paylayır... Hələ bunu demiirik ki, bəlkə ortada tapşırıq-filan da var... Axı hər yoldan ötənin oğurluq layihəsinə pul ayrılmaz...
Aytən ZƏHRA