Modern.az

Qaçqınların Avropa Məhkəməsinə müraciətinə öz deputatlarından fərqli yanaşma var

Qaçqınların Avropa Məhkəməsinə müraciətinə öz deputatlarından fərqli yanaşma var

4 Fevral 2016, 11:31

 

Avropa İnsan Haqları Məhkəməsində Ermənistanı işğalçı dövlət, eyni zamanda azərbaycanlıların yurd-yuvalarından didərgin salınmasını göstərən yeganə iş “Çıraqov və digərləri Ermənistana qarşı” adlı şikayət üzrə çıxarılan məhkəmə prosesidir.

Amma bu, Azərbaycandan olan məcburi köçkünlərin Avropa Məhkəməsinə göndərilən yeganə müraciət deyil. 2005-ci ildən bəri Avropa İnsan Haqları Məhkəməsinə azərbaycanlı qaçqın və məcburi köçkünlərin Ermənistana qarşı irəli sürdüyü xeyli sayda ərizə təqdim olunub.  İddiaçı və onların nümayəndələrinin ərizələri yalnız mülkiyyət hüququ, özəl və ailə həyatına hörmətlə bağlı deyil, həm də işgəncələrin qadağan olunması və yaşamaq hüququnun pozulması ilə bağlıdır. Onlar arasında bir çox ölkələr və beynəlxalq təşkilatlar tərəfindən insanlığa qarşı cinayət kimi tanınan Xocalı soyqırımı qurbanlarının ərizələri də var.

Bəs, Qarabağ bölgəsindən seçilmiş deputatlar öz seçicilərinə Avropa İnsan Haqları Məhkəməsinə sənədlərin göndərilməsi ilə bağlı hansı işləri görürlər?


124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən seçilən deputat Elman Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, Xocalıə sakinlərindən bununla bağlı müxtəlif müraciətlər olub: “Onlara Avropa məhkəsinə sənəd göndərməkdə yarıdmçı olmuşam. Avropa Məhkəməsinə bir milyondan çox imzalıq, eyni zamanda yüz min imzalıq sənədlər göndərmişik. Bunlar məcburi köçkünlərin pozulmuş hüquqlarının təmin olunması haqqındadır. Ancaq Avropa Məhkəməsinin özünəməxsus prosedur qaydları və icraata götürmək prosedurları var. Özünə sərf edən işləri götürür və bununla onların Azərbaycana yanaşmaları görünür. Bir milyondan çox azərbaycanlının pozulmuş insan hüquqlarının bərpa olunması məsələsində Avropa Məhkəməsi, Avropanın digər qurumlarını hansı standartlarla yanaşmaları hamıya bəllidir. Göndərilən işlər də icraata götürülmür”.


120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputat Astan Şahverdiyev qeyd edib ki, ona konkret olaraq heç kim Avropa Məhkəməsinə məktub göndərməklə bağlı müraciət etməyib. “Olarsa, köməyimi əsirgəmizdim. Çünki Avropa Məhkəməsinə müraciətlərin spesifik xüsusiyyətləri var, orada beynəlxalq hüquqi hüquqşunaslarımız ola bilsin ki yaxşı bilmir və ya sənədləri tərtibatı onların təbləbatına uyğun gəlmir. Bu səbələrdən ola bilər ki, çoxlu sayda məktublar cavabsız qalır”.


118 saylı Ağdam şəhər seçki dairəsindən seçilən deputat Bəxtiyar Əliyev bildirib ki, burada  iki məsləni qarışdırmaq olmaz.

“Bu məsələ məcburi köçkün işi deyil, ümumiyyətlə dövlətin vətəndaşının başqa dövlətə qarşı iddiasıdır. Azərbaycan buna nail oldu, “Çıraqov qardaşları və başqalarına qarşı” məhkəmə qərarı da göstərdi ki, Laçın Ermənistan tərəfindən işğal edilib və bu insanların haqları və mülkiyyətçilik hüquqları pozulub. Bu qəbildən işlərin hamısı artıq hesab edin ki, Avropa Məhkəməsi tərəfindən qiymət verilib. Yəni bizim məcburi köçkünlərimizin işlərinə Avropa İnsan Halqarı Məhkəməsi tərəfindən hüquqi qiymət verildi. Eyni zamanda AŞPA-nın iclasında Sərsəng su anbarı ilə bağlı qəbul olunmuş qətnamə layihəsində də açıq-aşkar yazıldı ki, Ermənistan dövləti Azərbaycanın ərazilərini işğal edib və işğalçı qoşunlar dərhal çıxarılmalıdır. Bu faktlar bizim üçün vacib idi. Artıq bizdə hüquqi sənəd var və ümumiləşdirmə yolu ilə aparsaq, bunu məcburi köçkünlərə aid etmək olar”.

Aytən ZƏHRA

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza