Ötən gün bir neçə müxalifətyönümlü partiya sədrləri toplanaraq ölkədəki vəziyyətlə bağlı “Anti-böhran koalisiyası” yaradıb. Koalisiyaya Böyük Azərbaycan Partiyası(BAP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azadlıq Partiyası, Gələcək Azərbaycan Partiyası, Milli Konqres Partiyası(MKP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Azərbaycan Xalq Partiyası(AXP), Ümid Partiyası və bir sıra hərəkat və təşkilatlar daxil olub.
Bu dəfə də onların toplantısında Müsavat və AXCP iştirak etməyib.
Müxalifətin “anti-böhran koalisiyası” yaratması məsələsinə AXCP-nin münasibətini öyrənməyə çalışdıq.
AXCP sədrinin müavini Nurəddin Məmmədli Modern.az-a açıqlamasında bəzi müxalifətyönümlü partiyaların böhranla bağlı qəbul etdikləri koalisiyanı ciddi hesab etmədiyini deyib.
“Kiçik qurumları müxalifət hesab etmirik. Ona görə də onlarla bir yerdə olmaq, əməkdaşlıq etmək fikrindən uzağıq.
Onların “anti-böhran koalisiyası”nı da ciddi hesab etmirəm”. Nurəddin Məmmədlinin sözlərinə görə bu koalisiyanın yaradılması ölkədəki vəziyyətə təsir etməyəcək.
“Ölkədəki böhranı nə hakimiyyət aradan qaldırmaq gücündədir, nə də kiçik qurumların birliyi prosesə təsir edə bilər. “Anti-böhran koalisiyası” yaradanlardan soruşmaq lazımdır ki, bunlar nə istəyir?! Bu koalisiyanın nə ilə nəticələnəcəyi məlum deyil. Geniş mənada Azərbaycanda böhranı aradan qaldırmaq üçün təsir imkanı olmayacaq.
“Anti-böhran koalisiyası”nı həyata keçirmək istəyirlərsə, AXCP sədri Əli Kərimlinin dediyi konsepsiyadan yararlansınlar. Əli Kərimli anti-böhran təklifilə bütün mexanizmləri açıb ortaya qoyub. Hətta, o, hakimiyyətə mesaj göndərdi və dedi:
“Bu konsepsiya əsasında konkret sahələr üzrə hansı islahatların aparılması ilə bağlı nə etmək lazım olduğuna dair geniş proqramı da təqdim etməyə hazıram. Təki bu reallaşsın”. Amma ona reaksiya verilmədi. Belə olan halda, heç bir gücü olmayan, zəif qurumların birləşdiyi təşkilatın verdiyi konsepsiya, proqram hakimiyyətin nəyinə lazımdır?!”.
“Müxalifət “anti-böhran koalisiyası” yaratmaqla hakimiyyətə dəstək ola bilərmi” sualına sədr müavini belə cavab verib. “Anti-böhran koalisiyası” yaradan birliklər dəfələrlə buna cəhd etsələr də faydası olmayıb.
Vaxtilə koalisiyada birləşən qüvvələr hakimiyyətə öz sədaqətlərini nümayiş etdirmək, yeni debatlar keçirtməklə parlamentdə yer tutacaqlarından əmin idilər. O da baş tutmadı.
Ona görə də bir növ bunlar keçirilmiş mərhələdir. Bu koalisiyanın Azərbaycan xalqına nə xeyri, nə də zərəri olacaq”.
Namidə BİNGÖL