Yaxud təqaüdçülər niyə nəvələrinə qənim kəsilib...
Ölkədə minlərlə adamın iş tapa bilmədiyi indiki vaxtda bəziləri 3-4 və bir sıra hallarda daha artıq vəzifə daşıyırlar. Bəzən isə vəzifələr, müxtəlif işlər çox yüksək məbləğdə təqaüd alanlara, iri biznesi olanlara verilir.
Buna son sərt reaksiya Milli Məclisdə deputat Zahid Oruc tərəfindən verildi.
Bütün dünyada iqtisadi böhranın yaşandığı və onun təsirlərinin Azərbaycana da dəydiyi zamanda bir vəzifə sahibinin və ya gəliri olan bir şəxsin əlavə olaraq başqa yerdə işləməsi işsiz insanların sayının artmasına gətirib çıxarır. Həmin şəxslər yerlərini bərkitməklə potensiallı, işinin öhdəsindən gələ biləcək istedadlı insanların qarşısını alırlar.
Məsələn, artıq məlumdur ki, Azərbaycanın bir neçə rayonunda işıq idarələrinin rəhbərliyi keçmiş polis rəsilərinə həvalə edilib. Həmin rəsilərə ki, çalışdıqları müddətdə işə və rütbələrinə görə qazandıqları məvacib qədər hazırda təqaüd alırlar. Özləri üçün qurduqları biznes imperiyasını hələ demirik.
Dövlət qurumlarından belə addımlar çox qəribə görünür. Onu da deyək ki, bu, yalnız “Azərişıq” Açıq Səhmdar Cəmiyyətində deyil. Əksər dövlət qurumları nədənsə bu üsula üstünlük verir. Həmin qurumlar da özlərini sığortalamaq üçün guya, mütəxəssis qeydinə qaldıqlarını iddia edirlər. Əslində isə bu təqaüdçülər öz nəvələrinə qənim kəsiliblər. Hətta öz nəvələrinə iş tapsalar da, nəvələri yerdə olanlara mane olurlar.
Bəsdirin, Siz Allah!
Aytən ZƏHRA