Bu gün “Qarabağ qaziləri” birliyi daxili işlər naziri Ramil Usubova dövlət nömrə nişanı olmadan avtomobil idarə edən şəxslər barədə müraciət edib.
Modern.az xəbər verir ki, müraciətdə deyilir:
“Bildiyiniz kimi, 1998-ci ildən başlayaraq dövlət tərəfindən Qarabağ qazilərinə (əlillərinə) pusluz avtomobillər verilir. İlk illərdə Rusiyada istehsal olunan “”OKA”, ardınca “Tavriya”, son illər isə Naxçıvanda istehsal olunun “NAZ Lifan” markalı avtomobillər verilməkdədir.
Sevindirici haldır ki, əvvəllər yalnız Qarabağ əlillərinə verilən pulsuz avtomobillər, hazırda 20 yanvar, Çernobıl, Əfqanıstan əlillərinə, Böyük Vətən Müharibəsi iştirakçılarına da verilməyə başladı. Onu da bildirək ki, bu günə qədər 6 minə yaxın insan dövlət tərəfindən belə avtomobilə təmin edilib.
Biz “Qarabağ qaziləri” birliyinin rəhbərliyi də əlillərə avtomobillərin paylanması prosesində iştirak edirik. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev başda olmaqla bu işdə zəhməti olan hər kəsə minnətdarlığımız bildirmişik və bu gün də bildiririk.
Avtomobillər əlillərə verilərkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər bir əlilə fərdi şəkildə dövlət nömrə nişanı almaq üçün sənəd təqdim edilir.
Əlillər də həmin sənədlə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə gedərək dövlət nömrə nişanı alaraq avtomobilini idarə etməlidir.
Ancaq çox təəssüf ki, biz bu gün ölkəmizdə dövlət nömrə nişanı olmadan idarə edilən çox sayda əlil avtomobilləri ilə rastlaşırıq. Belə hallar rayonlarda daha çoxdur.
Bəzi insanlar dövlətin Qarabağ əlillərinə göstərdiyi diqqət və qayğından öz məqsədləri naminə sui-istifadə edərək döyüşçüləri gözdən salır. Bu da bizi narahat edir. Düşünürük ki, dövlət nömrə nişanı olmadan avtomobil idarə edilməsi yolverilməzdir.
Ən acınacaqlısı isə odur ki, müxtəlif markalı avtomobillərə (yük maşınları da daxil) əlil emblemi vurularaq idarə edilməkdədir. Bizdə olan məlumata görə, onların heç də hamısı əlil deyildir.
Cənab Nazir!
Xahiş edirik, kimliyindən və əlillik dərəcəsindən asılı olmayaraq, dövlət nömrə nişanı olmadan idarə edilən avtomobillərin saxlanması və qanun çərçivəsində tədbir görülməsi üçün çox ciddi tapşırıq verəsiniz”.
Modern.az