Modern.az

Azərbaycanlı atasını axtaran rusiyalı gənc Modern.az vasitəsilə qardaşını tapdı

Azərbaycanlı atasını axtaran rusiyalı gənc Modern.az vasitəsilə qardaşını tapdı

5 Fevral 2016, 15:23


Rusiyanın Altay diyarında yaşayan 1989-cu il təvəllüdlü Anuar Bağırov heç vaxt üzünü görmədiyi azərbaycanlı atasını axtarırdı.

Modern.az saytının əməkdaşı təsadüfən sosial şəbəkələrdən birində 27 yaşlı Anuarın ümid dolu çağırışına rast gəlib. Rusiyanın Altay diyarında, daha dəqiqi Slavqorod şəhərində yaşayan Anuar atası haqda bunları yazmışdı.   

“Xahiş edirəm mənə atamı tapmaqda yardımçı olasınız. Atam Bağırov Müqəddəs Ümürdəli oğludur. 1962-ci ildə Azərbaycanın Biləsuvar rayonundakı Ağalıkənd kəndində anadan olub. Mən anadan olmazdan bir qədər əvvəl atam vətəninə qayıdıb. Onun haqda yalnız bu qədər məlumatım var. Xahiş edirəm atamı tapmaqda yardımçı olun”.

Modern.az saytının əməkdaşı Anuarın göstərdiyi koordinatlar üzrə axtarış aparıb. Biləsuvar rayon İcra Hakimiyyəti bu işdə əməkdaşımıza yardımçı olub.

Müqəddəs Bağırovun anadan olduğu Ağalıkənd kəndinin icra nümayəndəsi təəssüflə əməkdaşımıza bildirib ki, axtarılan şəxs artıq dünyasını dəyişib.

“Müqəddəs Bağırov?.. O, bir neçə il öncə rəhmətə gedib”. İcra nümayəndəsindən aldığımız acı xəbər təəssüf doğursa da, mərhumun Mərhəmət adlı oğlunun olduğunu öyrəndik.

İcra nümayəndəsi Bakıda – Pedaqoji Universitetdə təhsil alan Mərhəmət Bağırovla əlaqə yaratmaqda bizə vasitəçi oldu.

Əməkdaşımız Mərhəmət Bağırovla əlaqə yaradaraq, ona qardaşı barədə məlumat verib.

Beləliklə, Rusiyada yaşayan Anuar Bağırovun atasını tapmasaq da, qardaşını tapmış olduq.

Qardaşların telefon nömrələri və sosial şəbəkələrdəki koordinatları artıq bir-birlərinə təqdim olunub. Onlar bu işdə yardımçı olan Modern.az-a təşəkkür ediblər.
  
Vüqar İsmayılov  

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza