Modern.az

7 nəfər prokurorluqdan xaric edilib, 37-si cəzalandırılıb

7 nəfər prokurorluqdan xaric edilib, 37-si cəzalandırılıb

5 Fevral 2016, 18:45



Ötən il 37 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu barədə prokurorluq orqanları tərəfindən 2015-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirilib.

İslasda qeyd edilib ki,  hesabat dövründə prokurorluq orqanları üzrə xidməti, icra və əmək intizamının pozuntusu hallarına və digər xətalara yol verdiklərinə görə 37 əməkdaş intizam məsuliyyətinə  cəlb edilib, o cümlədən 7 nəfər prokurorluq orqanlarından xaric edilib. Baş Prokurorluğun əlaqədar  struktur qurumları və bütün tabe prokurorlardan möhkəm nizam-intizam yaradılması  məsələlərində  prinsipiallığın  daha da  artırılması tələb edilib.

“Görülmüş müsbət işlərlə yanaşı qeyd edilməlidir ki, Baş Prokurorluğa hesabat ilində vətəndaşlardan qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd hadisələrinə görə başlanmış işlərin istintaqının qeyri-obyektiv aparılması, cinayətin törədilməsində iştirak etmiş bütün şəxslərin cinayət məsuliyyətinə cəlb olunmaması və təqsirləndirilən şəxslərin əməllərinin düzgün tövsif olunmaması barədə xeyli sayda şikayətlər daxil olmuşdur. Aparılmış araşdırmalar göstərir ki, cinayət işlərinin istintaqının ilkin mərhələsində zəruri təxirəsalınmaz hərəkətlərin keyfiyyətli yerinə yetirilməməsi, texniki vasitələrdən səmərəli istifadə olunmaması, müstəntiqlər və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən prinsipiallıq göstərilməməsi vətəndaşların bu xarakterli şikayətlər etmələrinə səbəb olmuşdur. Bir sıra hallarda yalnız Baş Prokurorluğun müdaxiləsindən sonra cinayət işlərinin istintaqı zamanı yol verilmiş nöqsanlar aradan qaldırılmaqla, müraciətlərdə göstərilən vəsatətlər təmin edilmişdir”-deyə bildirilib.

Bildirilib ki, prokurorluğun fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil  olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddətlər ərzində aradan qaldırılması üçün konkret tapşırıqlar verilib.

Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə 2015-ci ilin nəticələrinə görə artımı müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə, bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin layiq olduqları məsuliyyətə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.

2014-cü illə müqayisədə  bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin sayının əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, Baş Prokurorluğun müvafiq qurumları və əlaqədar tabe prokurorlara tapşırıq verilib ki,  hesabat ilinin nəticələrinə görə bağlı qalmış 9 belə cinayətin, o cümlədən Bakı şəhərinin Yasamal və Qaradağ, eləcə də Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Beyləqan, Quba və Şəmkir rayonlarının hər birində 1 fakt olmaqla açılması istiqamətində zəruri tədbirlərin görülməsi   təmin edilsin.

Kollegiya iclasında Azərbaycan Respublikası Prezidentinin  26 dekabr 2012-ci il tarixli “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar yol-nəqliyyat hadisələrinin təhqiqatında və istintaqında, açılması təmin edilməmiş ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı əməliyyat-axtarış və istintaq hərəkətlərinin həyata keçirilməsində qanunların icrasına nəzarətin gücləndirilməsi, yol-nəqliyyat hadisələri ilə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması ilə bağlı  zəruri tədbirlərin görülməsinə dair konkret göstərişlər verilib.

Modern.az

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza