Haqqin.az və Virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev saytlarla bağlı iddialara cavab verib. Modern.az saytı xəbər verir ki, Eynulla Fətullayevin Haqqin.az saytında bir neçə cümləlik yazısı yerləşdirilib.
“Hörmətli oxucular! Bu foto mən həbsdən çıxarkən çəkilib. Siz mənim Haqqin.az-ı güzəştə getdiyimə necə inana bilərsiniz? Biz əvvəlki mövqeyimizdəyik, bağlanmırıq. Sizinlə birlikdəyik. Müvəqqəti çətinliklər var. Amma biz güclü çıxacağıq”, - Eynulla Fətullayev yazıb.
Qeyd edək ki, “Turan” Eynulla Fətullayevin rəhbərlik etdiyi haqqin.az saytının yaradıcı kollektivinin əksəriyyətinin işdən çıxarıldığı barədə məlumat yayıb. Məlumata görə, bu tədbir “saytın maliyyələşdirilməsinin məhdudlaşdırılması və onun konsepsiyasının dəyişməsi” ilə bağlıdır. Sayt artıq analitik materiallar və öz araşdırmalarını dərc etməyəcək, xəbər saytı xarakteri daşıyacaq, AzərTAc-ın və digər hakimiyyətyönlü informasiya resurslarının materiallarını dərc edəcək.
“Saytın fəaliyyətində belə kəskin dönüşün səbəbləri aydın deyil. Fətullayevin özü ilə əlaqə saxlamaq mümkün olmayıb. Müşahidəçilərin fikrincə, qalmaqallı nəşrlər hakimiyyətin kəskin narazılığına səbəb olub və onun maliyyələşdirilməsini dayandırmağı qərara alıblar. Qeyri-rəsmi məlumatlara görə, bir çox dövlət məmurları saytın hökumət üzvləini tənqid edən nəşrlərdən, sızan gizli və nüfuzdan salan məlumatlardan narazılıqlarını bildiriblər”, - məlumatda deyilir.
Modern.az