Modern.az

”15 mindən çox yeni iş yeri açılacaq”

”15 mindən çox yeni iş yeri açılacaq”

9 Fevral 2016, 20:58

 

“Neftçala Sənaye Məhəlləsində yaxın aylarda sahibkarlar tərəfindən ümümi investisiya məbləği 20 milyon manatdan çox olan 7 layihə üzrə müəssisələrin qurulmasına başlanacaq. Bunun nəticəsində 380 iş yeri açılacaqdır”. Modern.az saytı xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bu gün keçirilən kollegiya iclasında bildirib.

Nazir vurğulayıb ki, hazırda Masallıda Sənaye Məhəlləsinin təşkili üçün hazırlıq işləri aparılır: “Azərbaycan İnvestisiya Şirkətinin əsas səhmdarlarından olduğu və Qaradağ Sənaye Parkının rezidenti Bakı Gəmiqayırma Zavodunda dəyəri 40 mln. dollar olan ilk sifariş yerinə yetirilib. Hazırda dəyəri 400 mln. dollardan yuxarı olan sualtı tikinti gəmisinin və üç ədəd sərnişin gəmisinin tikintisi aparılır. İndiyədək isə Azərbaycan İnvestisiya Şirkəti tikinti materiallarının istehsalı, gəmiqayırma, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, logistika və s. sahələr üzrə ümumi dəyəri 1,1 milyard dollardan artıq olan layihələrdə iştirak ediv. Bu layihələrə 450 milyon dollar birbaşa xarici investisiya cəlb olunub. Layihələr çərçivəsində İsveçrə, Almaniya, Sinqapur, Türkiyə və digər ölkələrin qabaqcıl texnologiya və təcrübəsi tətbiq edilib”.

Ş.Mustafayevin sözlərinə görə, 2016-cı ildə əvvəlki ildəkindən 80 faiz çox - 30 min hektar sahədə pambıq əkilməsi və 70 min ton xam pambıq tədarük edilməsi planlaşdırılır: “Stimullaşdırma tədbirləri, pambıq əkini sahələrinin genişləndirilməsi bu sahədə çalışanların sayının ötən illə müqayisədə 2 dəfəyə yaxın artmasına və ya 15 mindən çox yeni iş yerinin açılmasına imkan verəcək. Görülən işlər nəticəsində tütün əkini sahələri genişləndiriləcək. Belə ki, 2016-cı ildə ötən illə müqayisədə 2 dəfədən çox - 3 min hektar sahədə tütün əkiləcək. Bütün bunlar isə bu sahədə məşğulluq səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldəcək, tütünçülük sahəsində çalışanların sayı ötən illə müqayisədə 2 dəfə artmaqla 8 min nəfərə çatacaq.

Həyata keçirilən tədbirlər fermerlərdən yaş tütünün alış qiymətinin ciddi şəkildə artırılmasına imkan yaradacaq. Tütünçülüyün inkişafı ilə bağlı aparılmış müzakirələrdə tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri satınalma qiymətinin 2016-cı ildə əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artırılmaqla birinci növ yaş tütünün bir kiloqramını 25 qəpiyə (2015-ci ildə 1 kq üçün 16 qəpik), ikinci növü yaş tütünün bir kiloqramını 15 qəpiyə (2015-ci ildə 1 kq üçün 8 qəpik) qəbul ediləcəyini bildirib”.

Nazir qeyd edib ki, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının yaradılması işləri davam etdirilir: “Hazırda 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatının yaradılması başa çatıb. Məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir. Şəmkir və Xaçmaz rayonlarında yaradılan aqroparklarda 1-ci mərhələ üzrə işlər yekunlaşmaq üzrədir”.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza