Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində Füzuli rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın rayonun 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda vəzifələrə həsr olunmuş geniş hesabat iclası keçirilib.
İclasda Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclis sədrinin müavini Bahar Muradova, Prezident Administrasiyasının məsul əməkdaşı Əflatun Rufiyev, Şura üzvləri, idarə, müəssisə, təşkilatlar, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra nümayəndələri, bələdiyyələr, sahibkarlar, QHT-lər, KİV nümayəndələri iştirak ediblər.
Modern.az xəbər verir ki, yığıncaqda icra başçısı Alı Alıyev hesabat məruzəsi ilə çıxış edib, qeyd edib ki, 2015-ci ildə Füzuli rayonunda bütün sahələrdə inkişaf, tərəqqi əldə edilib, qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Alı Alıyev 2015-ci ildə yaddaqalan hadisə kimi Birinci Avropa Oyunları barədə danışıb, Horadiz şəhərində keçirilən “Alov” festivalını xatırladıb. Bildirib ki, ötən ilin mühüm siyasi hadisələrindən biri də Azərbaycanda Milli Məclisinə keçirilmiş seçkilər olub.
“Şəffaf, demokratik və seçicilərin fəallığı ilə keçirilmiş seçkilərdə 84 saylı Füzuli seçki dairəsindən Bahar xanım Muradova, 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən Aqil Abbasa etimad göstərilərək yenidən Milli Məclisə deputat seçilmişdir”,-deyə o, bildirib.
Alı Alıyev rayonun 2015-ci il üçün iqtisadi göstəriciləri barədə geniş məlumat verib, kənd təsərrüfatı, sənaye, tikinti, quruculuq, rabitə və digər sahələdrə əldə olunan nailiyyətlərdən, mövcud nöqsan və çatışmazlıqlardan bəhs edib, aidiyyəti xidmət təşkilatlarından çatışmazlıqları aradan qaldırmağı tələb edib.
İcra başçısı bildirib ki, Füzuli rayonunda yerli əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatı üçün lazımi şərait var. Münbit torpaqlar və suvarma suyu ilə təminat onu deməyə əsas verir ki, rayon əhalisinin ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənilə bilər. Odur ki, bütün qüvvələr bu istiqamətdə səfərbər edilməli, kənd təsərrüfatı məhsullarının istehsalı artırılmalıdır.
Hesabat yığıncağında Prezident Administrasiyasının məsul əməkdaşı Əflatun Rufiyev və Milli Məclis sədrinin müavini, Füzuli rayonundan millət vəkili Bahar Muradova çıxış edib, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev tərəfindən qaldırılan məsələlər, onların həlli yolları barədə məlumat veriblər.
Xidmət təşkilatlarının 2015-ci il üçün fəaliyyətlərinə dair hesabatları dinlənilib, rəy və təkliflər irəli sürülüb. Müzakirələr zamanı Füzuli rayonu ərazisində sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, rayona sərmayələrin cəlb edilməsini təmin etmək məqsədilə rayonda sənaye məhəllələrinin, iri taxılçılıq təsərrüfatlarının yarılması, banklar tərəfindən yerli əmlakın girov kimi qəbul edilməsi, Horadizdə Asan Xidmət Mərkəzinin açılması təklif olunub.
Qaldırılan rəy və təkliflərin ümumiləşdirilərək həlli üçün aidiyyəti orqanlara müraciət olunması qərara alınıb.
Sonra hesabat yığıncağının qərarı oxunub, yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Toplantıda 2016-cı ildə qarşıda duran vəzifələr də müəyyənləşdirilib.