Modern.az-a daxil olan məlumata görə, Goranboy rayonun Nizami kənd orta məktəbinin direktoru şagirdlərin dərsə gəlməməsi ilə bağlı “fəaliyyətə başlayıb”. O, müvafiq dəyişiklikdən sui-istifadə edərək, valideynlərdən pul toplayır. İddialara görə, müəyyən səbəblərdən bir-iki gün dərsə gəlməyən şagirdin valideynlərinə ismarıc göndərilir. Onlardan alınan rüşvət müqabilində şagirdlərə “qayıb” qoyulmur. Xəbərlərə görə, direktor şagirdlərin üzrlü səbəblərdən dərsə gələ bilməmələrinə, valideynlərin müraciətlərinə qulaq asmır və yalnız öz bildiyini edir. Məktəb direktorunun bu kimi hallarından artıq kəndə yaşayan insanlar təngə gəlib.
Məsələ ilə bağlı Goranboy Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Ağababa İbrahimov əvvəlcə yayılan məlumatdan xəbərdar olduğunu bildirsə də, sonradan danışa bilməyəcəyini və Təhsil Nazirliyinin açıqlama verə biləcəyini demişdi.
Təhsil Nazirliyindən Modern.az-ın müvafiq sorğusuna artıq cavab verilib. Bildirilib ki, Goranboy RTŞ-nin əməkdaşları 21.01.2016-cı il tarixdə Nizami kənd tam orta məktəbində şagirdlərin dərsə davamiyyəti və pul yığılması ilə əlaqədar monitorinq aparıb, 3 nəfər X-XI sinif şagirdinin II yarımildən dərslərə müntəzəm gəlmədiyi aşkar edilib. Müəllim və şagirdlərin yazılı izahatlarında məktəbdə hər hansı məqsəd üçün pul yığılmadığı göstərilib.
Məlumatda qeyd edilib ki, şagirdlərin dərsə davamiyyəti məsələsi məktəbin həmin gün keçirilmiş pedaqoji şura iclasında müzakirə olunub, müvafiq qərar qəbul edilib.
Nazirlikdən vurğulanıb ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə inzibati cəzanı istisna edən səbəblərin də əksini tapacaq icra mexanizminin tətbiqinə Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra başlanılacaq. Ona görə də hələlik dərsburaxmaya görə cərimələnən şagird olmayıb.
“Şagirdlərin dərsə davamiyyətinin yaxşılaşdırılması daim gündəlikdə olan məsələdir və bu istiqamətdə məqsədyönlü iş aparılır”,-deyə bildirilib.
Aytən ZƏHRA