Bakıda vətəndaş cəmiyyətinin nümayəndələri Sivil Toplum Platforması yaratdıqlarını bəyan ediblər. Platformanın məqsədi ölkədəki problemləri müzakirəyə çıxarmaqla durumun yaxşılaşmasına yardımçı olmaqdır.
Platformanın fevralın 10-da yayılmış açıqlamasında belə deyilir. Platforma manifest sənədi ilə ictimaiyyətə müraciət edib.
Müraciətdə ölkədəki ağır iqtisadi, sosial və siyası böhranın cəmiyyətin bütün kəsimlərini əhatə etdiyi vurğulanır:
“Təəssüf ki, problemlərin həllinə yönələn ciddi cəhdlər yoxdur və pafosla atılan sönük addımlar ümidverici nəticələrə səbəb olmayıb, imitasiya xarakterlidir” - deyə müraciətdə qeyd olunur.
Müraciət müəllifləri bildirirlər ki, ağır duruma rəğmən, hökumət indiyədək ondan çıxış yolu təklif etməyib. Ölkənin inkişafına dair aydın plan ortaya qoymayıb:
“Bu Manifesti yaymaqla vətəndaş cəmiyyəti adından ölkəmizin üzləşdiyi bütün problemlərdən çıxış yollarının tapılmasında iştirak etmək istəyirik. Çətin və məsuliyyətli bir tarixi dövrdə vətəndaşların səsini duyurmağa hazır olduğumuzu nümayiş etdiririk” - deyə müəlliflər vurğulayıb.
Müraciəti 26 vətəndaş cəmiyyəti nümayəndəsi -iqtisadçılar, jurnalistlər, vəkillər imzalayıblar.
Modern.az