«Azərbaycanın bu gün dünyada sabit və davamlı inkişaf edən iqtisadiyyata, mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayan bir dövlət kimi tanınır. Bölgəyə iqtisadi, siyasi maraq göstərən dünya dövlətlərinin və beynəlxalq təşkilatlar ilk növbədə ölkəmizin mövqeyini nəzərə alır. Son 12 ildə cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin təmini sahəsində fəaliyyət də davamlı olub. Digər hüquq mühafizə və xüsusi xidmət orqanları ilə birlikdə həyata keçirilən tədbirlər nəticəsində əməliyyat şəraiti bütövlükdə nəzarətdə saxlanılır”. Modern.az saytı xəbər verir ki, bunu Bərdə şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov məlumat verib.
Nazir daha sonra vurğulayıb ki, yeni iqtisadi siyasət nəticəsində maliyyə sistemi sabitləşəcək, bank sektoru mövcud vəziyyətdən çıxacaq və onun davamlı inkişafı və milli valyutamıza etimad bərpa olunacaq, biznes mühiti daha da yaxşılaşacaq: “Azərbaycan öz iqtisadiyyatının dayanıqlılığını, inkişaf dinamikasını, daxili resurslardan istifadə strategiyasını Prezidentin rəhbərliyi altında düzgün müəyyən edib. Neftdən gələn vəsaitdən gələcək inkişafımız üçün çox böyük işlər görülüb. Belə ki, ötən illərdə neft gəlirləri ölkəmizdə qeyri-neft sektorunun inkişafına, «qara qızıl»ın insan kapitalına çevrilməsinə yönəldilib. Beynəlxalq maliyyə təşkilatlarının da ümumi qənaəti belədir ki, ayrı-ayrı sahələrdə həyata keçiriləcək tədbirlər nəticəsində Azərbaycanda dayanıqlı iqtisadi inkişaf 2016-cı ildə də təmin olunacaq”.
Daxili işlər naziri qarşıda duran əsas vəzifələrdən də danışıb. O, aparılacaq struktur islahatlarının və neqativ hallara qarşı mübarizənin gücləndirilməsinin izafi xərclərin qarşısını alacağını, dövlət idarəçiliyi sisteminin çevikliyini və səmərəliliyini artıracağını, eyni zamanda, işgüzar mühitin inkişaf etdirilməsi, inhisarçılıq, bürokratiya, korrupsiya və rüşvətxorluq kimi mənfi amillərin tam aradan qaldırılması istiqamətində məqsədyönlü iş aparıldığını diqqətə çatdırıb.
Ramil Usubov ölkə başçısı tərəfindən dövlət qurumlarının və icra strukturlarının qarşısında iş adamları üçün lazımi şəraitin yaradılmasının bir vəzifə kimi qoyulduğunu, son aylar kənd təsərrüfatında, sənayedə, biznes mühitində daha çevik idarəetmə mexanizmlərinin tətbiq edildiyini, sahibkarlığın inkişafına maneələrin qanunvericilik səviyyəsində aradan qaldırıldığını, kompleks tədbirlərin həyata keçirildiyini qeyd edib. Bu məqsədlə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılmasında şəffaflığın və obyektivliyin, bu sahədə çoxpilləliyin təmin edilməsi, şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə dövlət başçısı tərəfindən cari il fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında və mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında fərmanlar imzalandığını xatırladıb.
Nazir diqqətəlayiq bir faktı xüsusilə vurğulayıb ki, dövlətimizin başçısı rayonda görülən işlərlə tanış olmaq üçün 2004-2015-ci illərdə 7 dəfə Bərdə rayonuna səfər edib. Ötən il mart ayının 12-də müxtəlif təyinatlı obyektlərdə olub, 47 hektar ərazini əhatə edən Heydər Əliyev adına park-bulvarın, 588 məcburi köçkün ailəsi üçün yeni salınan yaşayış kompleksinin, Uşaq İncəsənət Məktəbinin, avtomobil yollarının və vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə regional «ASAN xidmət» mərkəzinin açılış mərasimlərində şəxsən iştirak edib, Bərdə türbəsində aparılan təmir işlərinin gedişi ilə tanış olub.
Daxili işlər naziri Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının ikinci ilinin nəticələrinə həsr olunmuş iclaslarda dövlət başçısının iqtisadi inkişaf templərinin daxili resurslar, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları hesabına 2016-cı ildə də təmin edilməsi, dövlət vəsaitlərinin xərclənməsində israfçılığın qarşısının alınması, ciddi maliyyə, ictimai, dövlət nəzarətinin olması, ictimai nəzarət mexanizmlərinin işə salınması, inhisarçılığa, bürokratiyaya, korrupsiyaya və rüşvətxorluğa qarşı davamlı mübarizə aparılmasına dair ciddi tələblər qoyduğunu xatırladıb. O cümlədən, yerli sahibkarların ölkə iqtisadiyyatına daha çox sərmayə qoymaları, bunun üçün icra qurumlarının lazımi şərait yaratması, biznes mühitinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlərin görülməsi, sahibkarların işinə hər hansı müdaxilənin yolverilməzliyi, onların bu işə həvəsləndirilməsi, istehsal olunan məhsulun satılması üçün əlverişli şəraitin yaradılması, məhsulun saxlanılması məqsədilə xüsusi anbarların, bazaların inşa edilməsi, bölgələrdə sənaye zonalarının yaradılması kimi mühüm vəzifələrin də qarşıya qoyulduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, görüşdə Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Zahid Oruc iştirak ediblər.
Modern.az