Xalq artisti Brilliant Dadaşovanın bacısı Sədaqət Dadaşova Türkiyə TV-sindəki “Zuhal Topalla İzdivaç” verilişində iştirakı cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Xalq artisti Modern.az saytına açıqlamasında məsələnin bu qədər qabardılmasına təəssüf etdiyini bildirib:
“Sədaqət xanım mənim böyüyümdür. İstənilən halda bacılarımın, yaxınlarımın atdığı addımlara hörmətlə yanaşıram, onları dəstəkləyirəm.
Sədaqət xanım əmimiz oğlu Rəfael Dadaşovla artıq 15 ildir ki, ayrılıb. Ailə qurmaq, özünə həmdəm aramaq onun da haqqıdır. Burada qəbahətli nəsə axtarmağa lüzum görmürəm.
Onlar həyat yoldaşı kimi ayrılıblar, amma dost kimi qalıblar, həmişə yan-yanadırlar. Yəni ər-arvad kimi ayrılsalar da, əmioğlu-əmiqızıdırlar, üstəgəl 4 övladları var”.
B.Dadaşova “Bacınızı verilişə siz göndərmisinizmi” sualına “xeyr” cavabını verib. “Sadəcə Rəfael müəllimin verdiyi açıqlama yanlış anlaşılıb. O deyib ki, “Brilliant Türkiyədədir, ora yaxındır, ondan soruşun.
Mən istənilən şəxsin evlilik proqramına çıxmasında qəbahətli bir şey görmürəm. Təəssüf edirəm ki, məsələyə qəbahətli prizmadan yanaşan insanlar da var.
Biz türklərdən mədəniyyətsiz deyilik. Bizim Üzeyir Hacıbəyovumuz, Bəxtiyar Vahbzadəmiz, Nizami Gəncəvimiz var. Biz mədəniyyətə dəyər verən xalqıq.
Türkiyədə 64 yaşlı qadının evlilik proqramına çıxmasına normal baxılır, bircə jurmalist onu qınamır. Amma təəssüf ki, bizdə vəziyyət belə deyil. Hesab edirəm ki, bir insanın özünə yoldaş, həmdəm axtarmasında pis niyyət axtarmaq gərəksizdir”.
Gülşən RAUFQIZI