“Son 12 ildə Azərbaycanda 1 milyon 500 min iş yeri yaradılıb ki, onlardan 1 milyonu daimi iş yeridir. Həmin dövrdə Azərbaycanda ən müasir standartlara uyğun 3 min məktəb, 600 xəstəxana, 41 Olimpiya İdman Kompleksi tikilib. Eyni zamanda, ölkəmizdə müasir sosial infrastruktura malik 89 köçkün qəsəbəsi yaradılib və 225 min insan yeni evlərə köçürülüb”. Modern.az saytı xəbər verir ki, bunu Baş nazirin müavini İsmət Abasov ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət nazirinin müavini Jolt Çutoranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.
Azərbaycanın münbit investisiya mühitindən danışan İsmət Abasov bildirib ki, ötən 12 ildə ölkəmizin iqtisadiyyatına 200 milyard dollar sərmayə qoyulub. Bunun 100 milyard dolları xarici sərmayədir.
Diqqətə çatdırılıb ki, son 12 ildə ölkəmizdə 70 mindən çox müəssisə yaradılıb, sahibkarlara 1.7 milyard manat güzəştli kredit verilib. Azərbaycanda müasir turizm infrastrukturunun formalaşdırılmasından söz açan Baş nazirin müavini ölkəmizdə 300-ə yaxın mehmanxana və dünya səviyyəli kurortlar yaradıldığını, 10 min kilometrdən çox avtomobil yolunun tikildiyini və əsaslı təmir olunduğunu, müasir körpülərin və yol qovşaqlarının inşa edildiyini vurğulayıb.
Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və ağır nəticələri, ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən söhbət açıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi – Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon işğal olunub, bu ərazilərdəki milli mədəni sərvətlərimiz talan edilib.
Macarıstanın xarici işlər və ticarət nazirinin müavini Jolt Çutora Azərbaycanda səfir işlədiyi dövrdə ölkəmizin sürətli inkişafının şahidi olduğunu, bu prosesi daim izlədiyini söyləyib.
Qonaq ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq imkanları barədə danışıb. O, həmçinin Macarıstanın kənd təsərrüfatı üzrə ixtisaslaşmış Kapoşvar Universitetinin Azərbaycanda filialının açılması məsələsinə də toxunub.
Qonaq qeyd edib ki, bu təşəbbüsü 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Macarıstana işgüzar səfəri zamanı irəli sürüb.
Jolt Çutora bildirib ki, bu təşəbbüsün reallaşması ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin genişlənməsinə imkan yaradacaq. Qonaq, eyni zamanda, Azərbaycan ilə Macarıstan arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsinin hər iki ölkə üçün vacibliyini qeyd edib.
Modern.az