Modern.az

“Niyə Cümhuriyyət qurucularının heç birinə abidə qoyulmur?”

“Niyə Cümhuriyyət qurucularının heç birinə abidə qoyulmur?”

Təhsil

15 Fevral 2016, 12:56

“Çox təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurucularının heç birinin hazırda Bakıda nə bir heykəli, nə də ki məzarı var. Bu məsələ ilə bağlı biz dəfələrlə problemləri müvafiq qurumlar qarşısında qaldırmışıq. Bu insanlara abidə qoyulması, heykəl ucaldılması, onların adlarının əbədiləşdirilməsi, hətta məzarlarının da ölkəyə gətirilməsi ilə bağlı təkliflər irəli sürmüşük. Baxmayaraq ki, biz yaxşı bilirik ki, Rəsulzadənin Gəncədəki büstünə olan münasibət necədir”.

Bu sözləri Modern.az-a açıqlamasında tarixçi alim, Cümhuriyyət dövrünün araşdırıcısı Nəsiman Yaqublu deyib.

Nəsiman Yaqublu bildirib ki, Azərbaycanda Cümhuriyyət qurucularının adlarının əbədiləşdirilməsinin vaxtı çoxdan çatıb:

“Bu gün AXC öndərlərinin adlarının əbədiləşdirilməməsi ciddi problem olaraq qalmaqdadır. Əgər Gürcüstanda, Ukraynada ilk müstəqil dövlət qurucularının adları əbədiləşdirilibsə, Azərbaycanda bu niyə olmasın?

İki ildən sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi olacaq. Qurduqları dövlətdə həmin şəxsiyyətlərin adlarının əbədiləşdirilməsi onların haqlarıdır.

Onlara yalnız heykəl qoymaq yox, həmçinin adlarına ev muzeyləri açılmalıdır. Cümhuriyyət öndərlərinin həyat və fəaliyyətlərinə aid yeni-yeni filmlər çəkilməlidir. Orta və ali məktəb dərsliklərində həmin şəxsiyyətlə çox geniş yer verilməlidir”.

Nəsiman Yaqublu hesab edir ki, Cümhuriyyət dövrü ilə, həmin şəxsiyyətlərlə bağlı müxtəlif sərəncamlar verilsə də, real addımlar atılmır:

“Bu gün bizim başımız yalnız dollar məsələsinə qarışıb. Dolların kursu qalxır-enir. Amma bu məsələlər iqtisadiyyatdan da o qədər az əhəmiyyət kəsb etməyən mənəvi-tarixi məsələlərdir.

Cümhuriyyət öndərləri və o dövrün əbədiləşdirilməsi ilə bağlı sərəncamlar verilir. Lakin verilən sərəncamlar həyata keçirilmir. Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə ilə bağlı sərəncamlar verilib. Ölkə başçısının bu sərəncamları verməsi təqdirəlayiq haldır. Amma gəlin baxaq görək, bu sərəncamların davamı olaraq hansı konkret addımlar atılıb, hansı işlər görülüb? Görülən iş yalnız bir qrup ziyalının toplanaraq yubiley adı altında tədbir keçirməsi oldu.

Əli bəy Hüseynzadənin Türkiyənin Qaraca Əhməd məzarlığında başdaşının üstündəki söz də dəyişilməyib. Məzar daşında yazılıb: “Dəri xəstəlikləri üzrə həkim Əli bəy Hüseynzadə”. Halbuki, Əli bəy Hüseynzadə Türk dünyasının böyük mütəfəkkiri, turançılıq ideologiyasının əsasını qoyan insandır. Bu sözləri yazmaq nə qədər düzgündür? Problemlər bundan ibarətdir ki, verilən sərəncamlar yalnız kağız üzərində qalmamalıdır”.

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza