Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Azərbaycana səfər edəcək.
“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Modern.az-a açıqlamasında Türkiyə prezidentinin gözlənilən səfərini şərh edib.
“Ərdoğanın səfərinin əsas qayəsi Azərbaycanda iki dövlət arasında yüksək səviyyəli Əməkdaşlıq Şurasını keçirməkdir. Görüş Gəncədə keçiriləcək. Görüşdə əsasən iqtisadi və enerji layihələri müzakirə olunacaq. Bakı-Tbilisi-Qars layihəsi də bitmək üzrədir. TANAP layihəsinə artıq başlanılıb. “Şahdəniz” qazının Avropaya çatdırılması, tranzit yüklərin daşınması kimi məsələlər mütləq müzakirə olunacaq. Bu gün Azərbaycanın böyük kapitala, kapital investisiyalarına ehtiyacı var. Bəlkə də Türkiyənin iri kapitalının Azərbaycanda müəyyən layihələrin həyata keçirilməsinə qönəldilməsi məsələsinin də müzakirəsi ola bilər”.
Politoloqun sözlərinə görə, görüş çərçivəsində Dağlıq Qarabağ məsələsi də müzakirə olunacaq.
“Düşünürəm ki, siyasi müzakirələr və Dağlıq Qarabağ məsələsi ilə də bağlı fikir mübadiləsi aparılacaq. Təəssüf ki, Türkiyənin bu prosesə ciddi müdaxilə etmək imkanları azdır. Təbii ki, Azərbaycan da bu məsələdə Türkiyənin fəal olmasını istəyir. Amma böyük dövlətlər olan Rusiya, Fransa, Amerika Türkiyənin bu məsələdə rol almasını istəmirlər.
Ərdoğanla hətta Xocalı faciəsi ətrafında da qısa fikir mübadiləsi aparıla bilər. Amma bu, ciddi münasibətlərə təsir edən məsələ deyil. Onsuz da, Türkiyədə Xocalı soyqırımına soyqırımı kimi yanaşılır. Türkiyə Böyük Millət Məclisində bu məsələ müzakirəyə çıxarılır. Müəyyən səbəblər var ki, məsələ Türkiyə parlamentində müzakirə olunsa da, qətnamə çıxarılmır. Hər halda, Türkiyə cəmiyyəti, siyasiləri bunu soyqırımı kimi qəbul edir”.
Namidə BİNGÖL