Ədliyyə Nazirliyinin Pentensiar Xidməti bəzi kütləvi informasiya vasitələrində Penitensiar xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində bir neçə məhkumun döyülməsi, iki nəfərin öldürülməsi barədə həqiqətəuyğun olmayan qərəzli məlumatlara münasibət bildirib.
Qurumun mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda qeyd edilib ki, 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddələrinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nurani İbrahimov qanunla nəzərdə tutulmuş gəzinti vaxtı qəflətən özünü pis hiss edərək yerə yıxılıb və ona göstərilən təxirəsalınmaz tibbi yardıma baxmayaraq, vəfat edib.
Faktla bağlı dərhal prokurorluğa məlumat verilib və araşdırma başlanılıb.
Mərhumun meyitinin məhkəmə-tibb eksperti tərəfindən aparılmış ilkin xarici müayinəsi zamanı onun ölümünə səbəb olan xəsarətlər aşkar edilməyib, daxili müayinəsinin aparılması və ölümünün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilib.
“Mətbuatda həmin müəssisədə cəza çəkən məhkum Sahib Abbasovun döyülərək öldürülməsi, digər məhkumlar Elmir Əsədovun və Tariyel Şahverdiyevin xəsarət alaraq xəstəxanaya köçürülmələri barədə yayılmış qərəzli məlumatlar uydurma olmaqla həqiqətə uyğun deyil və ictimaiyyətdə yanlış fikrin formalaşmasına yönəlib.
Həmin məhkumlar mətbuatda yayılan yalan məlumatlara görə valideynləri və yaxınları narahatlıq keçirməsinlər deyə, onlarla telefon əlaqəsi saxlayıblar. Bununla belə, təşvişə düşən məhkumların valideynləri və yaxınları yanlış məlumatlar yayan kütləvi informasiya vasitələrinə qarşı öz hiddətlərini ifadə ediblər.
Sensasiya məqsədilə uydurma məlumatlar yayan kütləvi informasiya vasitələrinin nəzərinə çatdırılır ki, yalan və qərəzli yazılar dərc etmək yolverilməzdir, bu kimi hallar mətbu orqanın nüfuzuna xələl gətirir, cəmiyyət daxilində çaşqınlıq və narazılıq yaradır”,-deyə Pentensiar Xidmət bəyan edib.
Gülşən RAUFQIZI